"ASAN Viza" portalının təqdimat mərasimi keçirilib.
Tədbirdə çıxış edən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bildirib ki, son illərdə ölkəyə gələn turistlərin sayında artım qeydə alınıb.
O deyib ki, "ASAN Viza" portalın yaradılmasında məqsəd Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza verilməsi prosedurunun sadələşdirilməsi, müasir informasiya texnologiyalarının tətbiqi ilə operativlik və şəffaflığın təmin edilməsidir: "Ölkədə qalma müddəti 30 günədək müəyyən edilən birdəfəlik elektron viza almaq üçün portala müraciət edən şəxs ödəniş etdikdən sonra vizası 3 iş günü müddətində elektron poçt ünvanına göndəriləcək. Viza üçün dövlət rüsumu 20 ABŞ dolları təşkil edir. Bu rüsum vizaya baxılması üçün tələb olunur və heç bir halda geri qaytarılmır. Elektron viza müraciətlərinin birnəfərlik, ailə və qrup şəklində edilməsi nəzərdə tutulur".
İ.Kərimov qeyd edib ki, hazırda test rejimində fəaliyyət göstərən portal yanvar ayının 10-dan etibarən tam istifadəyə veriləcək.
Agentlik sədrinin sözlərinə görə, fəaliyyətə başladığı dörd illik fəaliyyət nəticəsində "ASAN" xidmət bir standart, brend yaradıb və bütün dünyada Azərbaycan brendi kimi tanınıb: "Bugünə kimi 13 milyondan çox vətəndaş quruma müraciət edib. Dövlət Agentliyindən məmnunluq səviyyəsi 98-100 faiz təşkil edir".
report.az