Ümumrespublika rəsm və musiqi müsabiqəsinin qalibləri mükafatlandırılıb
19.12.2016

Dekabrın 17-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında uşaq, yeniyetmə və gənclərin əl işlərindən ibarət “Müstəqil Azərbaycanım” adlı Ümumrespublika rəsm və musiqi müsabiqəsinin yekununa həsr olunmuş tədbir keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən tədbir ölkə başçısının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında imzaladığı müvafiq Sərəncama əsasən reallaşıb.

Əvvəlcə qonaqlar filarmoniyanın foyesində nümayiş olunan sərgi ilə tanış olublar.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Yaşar Əliyev çıxış edərək Azərbaycanın müstəqilliyinin bərpasından və keçdiyi inkişaf yolundan danışıb.

Vurğulanıb ki, ümummilli lider Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan bütün istiqamətlərdə sürətli inkişaf yoluna qədəm qoyub, xarici ölkələrlə bir çox sahələrdə müqavilələr imzalanıb. Ulu Öndər tərəfindən aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycan beynəlxalq arenada layiqli yerini tutub. Ümummilli lider Heydər Əliyevin ölkəmizin inkişafı sahəsində başladığı nəhəng işlər, möhtəşəm layihələr bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Müsabiqənin əhəmiyyətindən danışan nazirlik rəsmisi tədbirin əhəmiyyətindən söz açıb. Qeyd olunub ki, tədbirin təşkil olunması müstəqil dövlət quruculuğu sahəsində dövlətimizin əldə etdiyi nailiyyətlərin təbliği, gənc və yeniyetmələrdə vətənpərvərlik ruhunun aşılanması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Xalq Artisti Ramiz Quliyev, Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov çıxış edərək ölkəmizin əldə etdiyi uğurlardan söz açıblar.

Çıxışlarda vurğulanıb ki, müsabiqənin təşkil olunmasında məqsəd gənclərin milli irsimizə, dövlət rəmzimizə, milli-mənəvi dəyərlərimizə, xalqımızın tarixinə, ümumilikdə ana yurdumuza məhəbbət və hörmət ruhunda tərbiyə olunması, istedadlı gənclərin aşkara çıxarılması, onlara dövlət qayğısının artırılması, o cümlədən rəsm və musiqi sənətinin inkişafına nail olmaqdan ibarətdir.

Diqqətə çatdırılıb ki, rəsm və musiqi müsabiqələrində ümumilikdə minə yaxın istedadlı gənc iştirak edib. Münsiflər heyətinin qərarı ilə ən layiqlilər müvafiq yerləri tutublar.

Qaliblərə diplom və hədiyyələr təqdim olunub.

Tədbir konsert proqramı ilə davam edib.

azertag.az