Bakı və Naftalan arasında sürətli qatar xidmətləri göstəriləcək.
Bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir.
Qeyd olunur ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2017-2020-ci illər üzrə sağlamlıq turizminin inkişafına dair fəaliyyət planı hazırlanacaq. Bu plana, həmçinin 2020-ci ildən sonra sağlamlıq turizminin inkişafına təkan vermək məqsədilə Qəbələ, Şabran, Masallı, Lənkəran rayonları kimi, digər məkanların mövcud təbii ehtiyatlarından istifadə məqsədilə uzunmüddətli planlar da daxil ediləcək.
Naftalan nefti əsasında sağlamlıq məhsullarının hazırlanması üzrə müvafiq tədbirlər görüləcək. Belə ki, Turizm Şurası tərəfindən Naftalan neftindən istifadə edilərək yaradılacaq yeni kosmetika məhsullarının (məsələn, pilinq kremləri, azot-qliserin vəs.) növlərini müəyyən etmək üçün alimlərdən və digər aidiyyəti mütəxəssislərdən ibarət Naftalan neft-tədqiqat qrupu yaradılacaq. Bundan sonra hazırda istehsal edilən məhsullar da daxil olmaqla, müxtəlif məhsul qruplarının yaradılması və onların aidiyyəti üzrə brendləşdirilməsi işində iştirak edən şirkətlərin təklifləri və fəaliyyəti dəstəklənəcək. Beynəlxalq institutlardan Naftalan neftinin müalicəvi əhəmiyyətini təsdiqləyən sertifikatın alınması təmin ediləcək. Həm yeni, həm də mövcud məhsulların istehsalının həyata keçirilməsinə və genişləndirilməsinə özəl sektorun da cəlb edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müxtəlif təşviqat mexanizmləri ilə bağlı təkliflər hazırlanacaq. Mədəniyyət və Turizm Nazirliyi bu növ məhsulların Azərbaycandakı və beynəlxalq sağlamlıq mərkəzlərindəki turizm məkanları arasında paylanılmasının təmin edilməsi istiqamətində əməli addımlar atacaq. Belə ki, həm xarici, həm də yerlituristləri cəlb etmək məqsədilə müəyyən marketinq tədbirləri aparılmaqla, eləcə də Naftalan nefti mənşəli gözəllik məhsullarının bir neçə pulsuz nümunələri təqdim edilməklə masaj və spa müalicəsi ilə maraqlanan xarici turistlərə Bakıdan Naftalana kimi subsidiyalı səfərlər təklif ediləcək. Ölkənin turizm məkanları barədə məlumatlılıq səviyyəsini yüksəltmək məqsədilə bu növ məhsulların üzərində Azərbaycan mədəniyyətinə və xüsusi cəlbedici turizm məkanlarına dair kiçik təsvirlərin də əlavə olunması nəzərdə tutulur. Məhsulların Azərbaycandakı digər sağlamlıq komplekslərində də satışına dəstək verilməsinə və Naftalanda qısamüddətli (üç gün və ya daha az) sağlamlıq turlarının təklif edilməsinə şərait yaradılacaq. Eyni zamanda, Naftalan və Duzdağa aid investisiya, turizm tələbləri və kosmetika məhsulları ilə bağlı məlumatlar onlayn platformalarda mütəmadi şəkildə yenilənəcək.
Bundan başqa, Qalaaltı, Naftalan və Duzdağda restoran, kafe və əyləncə xidmətləri kimi turistlər üçün cəlbedici yerlərdə və sağlamlıq mərkəzlərində, mövcud yerləşdirmə alternativlərində yeniliklər etmək üçün tədbirlər planının hazırlanması məqsədilə Turizm Şurası tərəfindən bütün aidiyyəti tərəflərlə görüşlər təşkil ediləcək. Görüşlərin nəticəsinə uyğun olaraq, yerli və xarici investisiya qoyuluşları üçün lazımi şərait yaradılacaq.
Yol xəritəsində bildirilir ki, sərnişinlərin etibarlılığının və rahatlığının təmin edilməsi məqsədilə 2017-2018-ci illərdə Bakıdan Naftalanadək avtomobil, qatar və avtobus əlaqəsi gücləndiriləcək. Belə ki, Bakı ilə Naftalan arasında sürətli və yüksək keyfiyyətli avtobus və qatar xidmətlərinə başlamaq üçün aidiyyəti dövlət müəssisələri arasında Turizm Şurası vasitəsilə əməkdaşlıq əlaqələri qurulacaq. Səyahət agentlikləri vasitəsilə müvafiq koordinasiya qurulmaqla nəqliyyat vasitələri üçün biletlərin mehmanxanalarda təklif edilən sağlamlıq müalicə paketləri (“beauty treatments”) ilə birlikdə satışı həyata keçiriləcək. Büro tərəfindən müxtəlif növ broşürlər çap edilməklə, turizmin formasiya mərkəzləri, yerli kanallar və turizm agentlikləri vasitəsilə həftəiçi və həftəsonu sağlamlıq turizminin və nəqliyyat alternativlərinin təqdimatı keçiriləcək.
Naftalanın mövcud potensialının gücləndirilməsi ilə xarici və yerli turistlərin sayında artım təmin olunacaq ki, bununla da 2020-ci ildə real ÜDM-in 3 milyon manat birbaşa və 2 milyon manat dolayı olmaqla, ümumilikdə 5 milyon manat artacağı və 150 yeni iş yerinin yaradılacağı proqnozlaşdırılır. Əsas icra göstəricisi potensialdan istifadə əmsalının 65 faizədək artırılması, bununla da cari 40 faizlik göstəricinin Avropa sağlamlıq xidmətlərinin səviyyəsinə çatdırılmasıdır (Naftalandakı turizm mərkəzlərindən istifadə göstəricisi nəzərdə tutulur).
Bu prioritetin tətbiqi üçün təxminən 15 milyon manat həcmində birdəfəlik investisiya qoyuluşu tələb edilir.
trend.az