Azərbaycandan Avropanın iri şəhərlərinə birbaşa uçuşların sayı 100-ə çatdırılacaq
19.12.2016

Azərbaycandan Avropanın iri şəhərlərinə uçuşların sayı 100-ə çatdırılacaq.

Bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir.

Qeyd olunur ki, 2025-ci ilə qədər Azərbaycanın yerləşdiyi region daxilində ən hərəkətli hava limanlarından birinə malik olması məqsədi qarşıya qoyulacaq və bu çərçivədə prioritet kimi Avropanın iri şəhərlərini əhatə edən birbaşa uçuşların sayının 49-dan 100-əçatdırılması hədəflənəcək.

Hədəf bazarlardan daha çox turistin cəlb edilməsi məqsədilə qış və yay turizm mövsümü ərzində çarter reyslərinin də sayının artırılması əsas götürüləcək. Əsas diqqət aşağı büdcəli uçuşlar vasitəsilə sərnişindaşımalara yönəldilməklə, hava limanlarına da investisiya qoyuluşları təmin ediləcək.

trend.az