"IX sinfin buraxılış imtahanlarının birinci mərhələsinin nəticələri bir aydan sonra həmin şagirdin şəxsi səhifəsinə yerləşdiriləcək".
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan Dövlət Pedaqoji Universitetində “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları”na həsr olunan konfransda deyib.
Onun sözlərinə görə, həmin nəticələrin içərisində hətta ekspertlərin rəyləri də olacaq: "Yeni qaydalara görə, imtahan nəticələri yalnız balla yazılacaq. Şagirdlərin imtahanda mənfi ya müsbət, yaxşı və ya pis nəticə göstərməsi attestatda qeyd olunmayacaq".
M.Abbaszadə qeyd edib ki, buraxılış imtahanlarının nəticələrinə əsasən, şagirdlər orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd verə biləcəklər: "İmtahan nəticələrinə görə, 1-ci və 2-ci mərhələdə toplanılan ümumi bal 100 olacaq. Proses ilk dəfə olduğuna görə hələlik elə bir məhdudiyyət qoymamışıq ki, 1-ci mərhələdə 0 bal toplayan 2-ci mərhələdə iştirak etməsin və yaxud kolleclərə sənəd verməsin. Çünki imtahanların 2-ci mərhələsində ənənəvi qapalı test tapşırığında şagird 70 bal toplaya bilər".
O bildirib ki, iyunun 14-də tədris ili bitdikdən sonra buraxılış imtahanının 2-ci mərhələsi keçiriləcək: "İmtahan bitəndən 2 gün sonra nəticələr açıqlanacaq. Bundan sonra müəyyən olunacaq ki, hansı balla şagirdlərin kolleclərə sənəd verməsinə icazə veriləcək. Hətta ola bilsin ki, bu bir ay ərzində də açıqlama verə biləcəyik. Lakin qaydalar hələ müzakirə olunur".
report.az