Azərbaycan və Fransa regionlararası əməkdaşlığa dair anlaşma memorandumu imzalayıb
20.12.2016

Bakıda İqtisadiyyat Nazirliyi ilə Fransa Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyi arasında regionlararası əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
İqtisadiyyat Nazirliyindən verilən xəbərə görə, sənədi iqtisadiyyat naziri Şahin Mustafayev və Azərbaycanda səfərdə olan Fransanın Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin yerli hakimiyyətlərin xarici fəaliyyəti üzrə xüsusi nümayəndəsi, Fransanın desentralizasiya və regionlararası əməkdaşlıq üzrə Milli Komissiyasının baş katibi Bertran For imzalayıblar.
Anlaşma Memorandumu iki ölkə arasında regionlararası əməkdaşlığın müxtəlif istiqamətləri üzrə əlaqələrin daha da dərinləşməsinə və şaxələnməsinə hüquqi zəmin yaradır. Sənədə əsasən, regionlararası və desentralizasiya üzrə əməkdaşlığı inkişaf etdirmək, eləcə də müvafiq sahələrdə əməkdaşlığa nəzarətin həyata keçirilməsi məqsədilə İdarəetmə Komitəsi yaradılır. İdarəetmə Komitəsinə Azərbaycanın İqtisadiyyat Nazirliyinin və Fransanın Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin səlahiyyətli nümayəndələri həmsədrlik edəcək.
İmzalanma mərasimi çərçivəsində Ş.Mustafayev və B.Forun rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə Azərbaycanla Fransa arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu, əməkdaşlığın genişlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin və keçirilən görüşlərin mühüm əhəmiyyəti vurğulanıb.
Ş.Mustafayev qeyd edib ki, Azərbaycan-Fransa əlaqələrinin, xüsusilə humanitar sahədə əməkdaşlığın inkişafında Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan-Fransa Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyevanın fəaliyyəti çox önəmlidir: "Azərbaycan-Fransa əlaqələri müxtəlif sahələri əhatə edir. Əməkdaşlığımız iqtisadi sahədə də uğurla inkişaf edib. Regionlararası əlaqələr Azərbaycan-Fransa əməkdaşlığının mühüm istiqamətlərindəndir və Azərbaycanın 14 şəhəri ilə Fransanın 13 şəhər və vilayəti qardaşlaşıb. Bu gün imzalanan sənəd Azərbaycan-Fransa əlaqələrinin və regionlararası əməkdaşlığın genişləndirilməsində önəmli olacaq. Fransa nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində bu gün Gəncədə keçirilən və artıq ənənəvi xarakter daşıyan Beynəlxalq Üzüm və Şərab Festivalı Azərbaycan-Fransa iş adamları arasında əlaqələrin güclənməsində, qeyri-neft sektorunun ixrac qabiliyyətli sahələrindən olan şərabçılığın inkişafında, bu sahədə təcrübə mübadiləsində əhəmiyyətlidir. Fransa şərabçılıq sahəsində böyük təcrübəyə malikdir. Azərbaycan şərabları da dünyada tanınır. Bu yaxınlarda Çində keçirilən sərgidə ən yaxşı şərablardan biri kimi mükafata layiq görülüb. Azərbaycanda qeyri-neft sektoru şaxələndirilir, o cümlədən şərabçılıq kimi ənənəvi sahələr inkişafın prioritetidir".
B.For Bakıda səfərə olan Fransa nümayəndə heyətinə Azərbaycanı yaxından tanıyan və qardaşlaşan şəhərlərin təmsilçilərinin daxil olduğunu diqqətə çatdırıb. O, bu gün imzalanan sənədin Fransa və Azərbaycan regionları arasında əməkdaşlığın inkişafında və əlaqələrin yeni müstəviyə keçməsində əhəmiyyətini vurğulayıb.

report.az