Heydər Əliyev Sarayında Şən və Hazırcavablar Klubunun (ŞHK) Azərbaycan liqasının üçüncü mövsümünün möhtəşəm finalı olub.
Çempion titulu uğrunda Azərbaycan, Rusiya və Gürcüstan komandaları mübarizə aparıblar.
ŞHK-nın Azərbaycan regional liqasının oyunları Azərbaycan Gənclər və İdman Nazirliyinin təşəbbüsü və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə keçirilib.
2016-cı il bütün ŞHK Planeti üçün yubiley ilidir. Bu münasibətlə təşkilatçılar tərəfindən hazırlanan maraqlı sürprizlər yumor bayramının tamaşaçılarını biganə qoymayıb.
Finalda ŞHK-nın yüksək liqasının komandaları çıxış ediblər: 2015-ci il mövsümünün finalçısı - Dağıstan yığması, habelə “Prezidentski KiViN - 2016”nın qalibləri - Gürcüstan yığması, Şimali Osetiya Dövlət Universitetinin yığması, “KiViN v tyomnom - 2016”nın sahibi - Bakı yığması.
Finalın aparıcısı oğul Aleksandr Maslyakov olub.
Əsas mübarizə mövsümün finalçıları - “BDU yığması”, “Labutenlər”, “Bakı – FM”, “Azneft”, “The Show Must Go On”, Şimali Osetiya Dövlət Universitetinin yığması (Vladiqafqaz) və Gürcüstanın gənclər yığması arasında gedib.
Çıxışlardan sonra bütün iştirakçılar səhnəyə toplaşıb. Münsiflər üçün seçim etmək çətin olub, çünki hər bir komanda yaxşı çıxış edib.
Münsiflər heyətində Azərbaycan ŞHK-nın rəhbəri Rəşad Əzizov, Əməkdar Artist Murad Dadaşov, bəstəkar və prodüser İsa Məlikov, rejissor İlham Qasımov və qazaxıstanlı müğənni Jah Khalib təmsil olunmuşdu.
Azərbaycan liqasının baş redaktoru tanınmış rusiyalı ŞHK-çı Dmitri Kolçin olub.
“Azneft” və Şimali Osetiya Dövlət Universitetinin yığması ŞHK-nın Azərbaycan liqasının üçüncü mövsümünün qalibləri elan edilib.
Bu mövsümün çempionları gələn ilin yanvarında Soçidə keçiriləcək “KiViN-2017” festivalında iştirak etmək hüququ qazanıblar.
azertag.az