Bu gün Bakıda Azərbaycanda istehsal olunmuş məhsulların xaricə ixracına dəstək üçün yaradılmış www.azexport.az portalının təqdimatı keçirilib. Portal İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanıb.
"ADA" Universitetində keçirilən təqdimat mərasimində Mərkəzin rəhbəri Vüsal Qasımlı, "Azersun Holding"in prezidenti Abdulbari Goozal, Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) prezidenti İlqar Vəliyev, millət vəkili Ziyad Səmədzadə və başqa şəxslər iştirak edib. V. Qasımlı deyib ki, portal dünyanın ən məşhur elektron satış şəbəkələrinə inteqrasiya olunub.
Portalın baş meneceri Zaur Qardaşov isə deyib ki, www.azexport.az yaradılarkən ölkədə fəaliyyət göstərən 20-dən artıq logistika şirkəti ilə danışıqlar aparılıb və onlarla razılıq əldə edilib. Onun sözlərinə görə, portalda müştərilərə fasiləsiz xidmət göstərilir: "Həftənin 7 günü, 24 saat ərzində müxtəlif kommunikasiya vasitələri ilə müştərilərə xidmətlər təklif edilir. Biz həmçinin bəzi sahibkarlara, xüsusən də regionlardan olan iş adamlarına tərcümə xidməti də təklif etmişik. Əgər alıcı ilə satıcı arasında kommunikasiyada problem yaranarsa, sayta inteqrasiya edilmiş "skype" tərcümə xidməti vasitəsi ilə onlara kömək edilir".
Qeyd edək ki, internet resursu Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında" 21 sentyabr 2016-cı il tarixli sərəncamı əsasında yaradılıb, Azərbaycan mənşəli mallar haqqında məlumatların təqdim edilməsi, onların daxili və xarici bazarlarda satışı üçün platformadır.
report.az