Azərbaycan cüdoçusu Ramin İbrahimov London Paralimpiya Oyunlarında qızıl medal qazanmışdır - FOTO
31.8.2012

Böyük Britaniyanın paytaxtı Londonda XIV Paralimpiya Oyunları davam edir. Yarışda 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Ramin İbrahimov ilk görüşünü Koreya Respublikasının idmançısı Min-Ca Liyə qarşı keçirmişdir. Rəqibi üzərində inamlı qələbə qazanan R.İbrahimov növbəti mərhələyə adlamışdır.

Azərbaycan idmançısı dörddəbir finalda Fransa cüdoçusu Kevin Villemontla üz-üzə gəlmişdir. Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə R.İbrahimov qələbə qazanmış və yarımfinala yüksəlmişdir. Yarımfinalda Yaponiya cüdoçusu Takaaki Hiraidən üstün olan R.İbrahimov finala vəsiqə qazanmışdır.

Finalda Xiaodong Li (Çin) ilə görüşən Ramin rəqibinə qalib gələrək Azərbaycan milli komandasına ilk qızıl medal qazandırmışdır.

AzərTAc