2017-2020-ci illərdə Azərbaycanda strateji müəssisələr üçün güzəştli tariflər müəyyənləşdiriləcək.
Bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir.
Qeyd olunur ki, enerji bazarının əsas istehsalçı və istehlakçıları ilə birgə müzakirələr nəticəsində bu sahədə proqnozlaşdırma və planlaşdırma fəaliyyəti beynəlxalq təcrübə əsasında təkmilləşdiriləcək, mövcud tarif siyasətinin potensial inkişaf istiqamətləri müəyyənləşdiriləcək, o cümlədən pik və qeyri-pik saatlar üzrə diferensial yanaşmaların tətbiqi imkanlarına baxılacaq. Bununla yanaşı, enerji bazarında istehsalçı və istehlakçı müəssisələr arasında əlaqələndirmənin gücləndirilməsi, istehsal-istehlak potensiallarının əvvəlcədən birgə planlaşdırılması üçün dəstəkverici tədbirlər görüləcək. Bu məqsədlə enerji istehsalçısı və istehlakçısı olan müəssisələr arasında fəaliyyətin əlaqələndirilməsi təşkil ediləcək.
Sənaye müəssisələrini istehsal prosesində qeyri-pik saatlarda enerji istehlakına yönəltmək üçün müxtəlif güzəşt və stimullar üzrə təkliflər hazırlanacaq.
Sənəddə bildirilir ki, ölkə iqtisadiyyatı üçün xüsusi əhəmiyyət kəsb edən müəssisələrin siyahısı müəyyənləşdiriləcək və bu müəssisələr üzrə güzəştli tarif təklifləri hazırlanacaq.
Ağır sənaye, xüsusilə metallurgiya müəssisələrinin enerji təminatının fərqli, aşağı tariflərlə təmin edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçiriləcək.
Bu prioritet üzrə nəzərdə tutulan tədbirlər sənaye müəssisələrinin enerji istehlakı davranışlarına müsbət təsir edəcək, səmərəli istehlak metodlarının yayılmasına şərait yaradacaq. Lakin tədbirin icrasının ilkin dövründə istehlak olunan ümumi enerji səviyyəsində ciddi dəyişiklik gözlənilmir.
trend