Bakı Slavyan Universitetində görkəmli alim Aqil Əliyevin 90 illik yubileyi ilə bağlı konfrans keçirilib
21.12.2016

Bakı Slavyan Universitetində (BSU) görkəmli alim, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi Aqil Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. BSU-nun təlim-tərbiyə işləri üzrə prorektoru filologiya üzrə fəlsəfə doktoru Xanım Sultanova konfransda Aqil Əliyevin keçdiyi ömür yolundan söhbət açıb.

Universitetin Azərbaycan tarixi və ictimai elmlər kafedrasının müdiri professor Cahangir Məmmədov Aqil Əliyevin elmi yaradıcılığı haqqında konfrans iştirakçılarına məlumat verib. O bildirib ki, A.Əliyevin sovet dövründə Azərbaycan Tibb Universitetində rəhbərlik etdiyi iqtisadiyyat kafedrası bütün SSRİ-də tanınıb. Onun hazırladığı iqtisadi konsepsiyalar SSRİ-nin iqtisadiyyatının inkişafında mühüm rol oynayıb.

Beynəlxalq münasibətlər və ölkəşünaslıq kafedrasının baş müəllimi Babaşah Babayev 1980-ci illərin əvvəllərində SSRİ-də ərzaq çatışmazlığı dövründə Aqil Əliyevin böhrandan çıxmaq üçün mühüm iqtisadi nəzəriyyə hazırladığını bildirib və qeyd edib ki, həmin nəzəriyyənin öyrənilib tətbiq edilməsi üçün o zamanlar Sankt-Peterburqdan Bakıya alimlər heyəti gəlib.

Beynəlxalq münasibətlər və ölkəşünaslıq kafedrasının müdiri professor Məmməd Əliyev görkəmli alimin xeyriyyəçilik fəaliyyəti barədə maraqlı faktlar açıqlayıb. Kafedranın baş müəllimi Mətanət Şadlinskaya, Azərbaycan tarixi və ictimai elmlər kafedrasının dosentləri Qalib Barxalov, Arzuman Əmirov və digərləri çıxışlarında A.Əliyevin neçə-neçə elmlər namizədi və elmlər doktoru, aspirant yetişdirməsindən, onun 50 il işlədiyi Tibb Universitetində tələbələrə xüsusi qayğı və məhəbbətlə yanaşmasından danışıblar.

Elmi-praktik konfransın sonunda tələbələrin sualları cavablandırılıb.

azertag.az