Mədəniyyətin inkişafı və təbliğində tələbələrin rolu artır
21.12.2016

Dekabrın 20-də Bakı Dövlət Universitetində (BDU bu ali məktəbin tələbə həmkarlar ittifaqı komitəsi və Beynəlxalq Multikultural Şəbəkənin birgə təşkilatçılığı ilə “Mədəniyyətin inkişafı və təbliğində tələbələrin rolunun artırılmasına dəstək: Yaponiya mədəniyyəti və multikulturalizmin Azərbaycan modeli” mövzusunda tədbir keçirilib.

BDU-dan bildirilib ki, tələbə həmkarlar ittifaqı komitəsi sədrinin müavini Etibar Əhmədov Azərbaycanın multikulturalizm siyasəti ilə bağlı universitetdə görülən işlər barədə məlumat verib.

Yaponiyanın ölkəmizdəki səfirliyinin müşaviri Aşida Kenci bildirib ki, təmsil etdiyi ölkədə müxtəlif dinlər var və orada 219,939 dini qurum qeydə alınıb. Azərbaycanda güclü multikulturalizmin mövcud olduğunu deyən A.Kenci qeyd edib ki, bu ölkədə 30-dan çox millətin və etnik qrupun nümayəndələri yaşayırlar, 746 dini qurum fəaliyyət göstərir.

Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri Oqtay Cəlilbəyli BDU-nun beynəlxalq əlaqələri, Yaponiya universitetləri ilə əməkdaşlığı barədə danışıb.

Sonra Beynəlxalq Multikultural Şəbəkənin rəhbəri Xəyalə Məmmədova rəhbərlik etdiyi şəbəkə haqqında məlumat verib. Qeyd olunub ki, şəbəkənin yaradılmasının məqsədi Azərbaycanın multikulturalizm modelini və mövcud multikulturalizm modellərini tədqiq etmək, elmi təhlillər aparmaq və qorunub saxlanması yollarını müəyyənləşdirmək, müxtəlif ölkələrə aid mədəniyyətləri araşdırmaq və təşviq etməkdir.

Daha sonra iştirakçıları maraqlandıran suallar ətrafında diskussiya aparılıb.

azertag.az