Bakı-Sumqayıt qatarının sərnişinləri 2 dəfə artıb
21.12.2016

Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarında sərnişin sıxlığı günbəgün artmaqdadır.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın verdiyi məlumata görə,ötən ayla müqayisədə sərnişinlərin sayı 2 dəfəyə qədər artıb.
“19 noyabr 2016-cı il tarixdən etibarən Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarına Biləcəri və Xırdalan stansiyalarında dayanacaq veriləndən sonra sərnişin sıxlığı artan istiqamətdə davam edir. Aparılan araşdırmalar göstərir ki, əgər əvvəllər gün ərzində 2500-3000 sərnişin daşınırdısa, noyabr ayının 19-dan etibarən gün ərzində daşınan sərnişinlərin sayı 5000-ni keçib”.
Qeyd edək ki, hər iki stansiyada yüksək səviyyədə yenidənqurma işləri aparılıb. Biləcəri stansiyasında tək istiqamətdə (Sumqayıta gedən istiqamətdə) 250 metr uzunluğunda platforma, 7 ədəd oturacaq, 12 ədəd turniket, cüt istiqamətdə (Sumqayıtdan gələn istiqamətdə) isə 140 metr uzunluğunda platforma, 1 ədəd turniket, 4 ədəd oturacaq quraşdırılıb.
Xırdalan stansiyasiyasında isə 450 metr uzunluğunda platforma, 2 ədəd turniket, 10 ədəd ikitərəfli oturacaq tikilib istifadəyə verilib.

publika.az