Bakıda humanist pedaqogika üzrə II Beynəlxalq konfrans və seminar keçirilir
21.12.2016

Dekabr 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) bu ali məktəbin nəzdində Dövlət Pedaqoji Kollecinin və Respublika Humanist Pedaqogika Mərkəzinin birgə təşkilatçılığı ilə humanist pedaqogika üzrə ikinci beynəlxalq konfrans və seminar keçirilir.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov konfransın əhəmiyyətindən danışıb, qonaqları təqdim edib. Bildirilib ki, tədbirdə iştirak edən professor Şalva Amonaşvili məşhur pedaqoq, Rusiya Təhsil Akademiyasının xarici üzvü, Beynəlxalq Humanist Pedaqogika Assosiasiyasının prezidenti və müasir pedaqogikanın banisi, canlı klassikidir. Alimin pedaqogika elminə verdiyi töhfələrdən danışan rektor onun iştirakı ilə aparılacaq konfransın təhsili işçiləri tərəfindən maraqla qarşılanacağına əminliyini bildirib.

Sonra Ş.Amonaşvili "Gələcəyin problemi - təhsilin dünyagörüşü aspekti" mövzusunda məruzə ilə çıxış edib.

Dekabrın 25-dək davam edəcək seminarda humanist pedaqogikanın əsasları müzakirə olunacaq, Latviya, Litva, Rusiya, Qazaxıstan və Gürcüstanın görkəmli pedaqoq alimlərinin təqdimatları dinləniləcək.

azertag.az