Azərbaycan filmləri Bolqarıstanda beynəlxalq festivalda nümayiş olunacaq
21.12.2016

Azərbaycan filmləri Bolqarıstanın “Sofia MENAR” Beynəlxalq Film Festivalına dəvət alıb.
“Azərbaycanfilm” kinostudiyasından verilən məlumata görə, bunlar “4.1 Şəhər Motivləri” kinoalmanaxına daxil olan “Qonşu qadın”, “Kədərim”, “Yuxarıda və aşağıda” və “Dmitrov küçəsi 86” qısametrajlı bədii filmləridir.
Festival yanvarın 12-29-da Sofiya şəhərində keçiriləcək.
Azərbaycan filmlərinin ilk dəfə iştirak edəcəyi festival regionun yeni ekran əsərlərini Avropa tamaşaçısına təqdim edir və yerli auditoriyanı islam dünyasının iddiali audiovizual əsərləri ilə tanış edir.
Filmlər Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb. Kinoalmanaxın beynəlxalq premyerası Almaniyanın Kotbus Film Festivalının “Fokus” proqramında baş tutub.
“Qonşu qadın” filminin ssenari müəllifləri İradə Bağırzadə və Anar Abbasov, quruluşçu rejissoru Anar Abbasov, quruluşçu operatoru Aleksey Şepilevdir. Baş rolları Gülzar Qurbanova və Cavanşir Hadıyev canlandırıblar.
“Kədərim” filminin ssenari müəllifi və quruluşçu rejissoru Rüfət Həsənov, quruluşçu operatoru Mixail Belkin, bəstəkarı Roman Şulqadır. Baş rolların ifaçıları Roman Şulqa, Əli Nəsib və Teymur Nadirdir.
“Yuxarıda və aşağıda” filminin ssenari müəllifi və quruluşçu rejissoru Timur İsmailov, quruluşçu operatoru Nadir Mehdiyev, bəstəkarı Gökhan Ceylandır. Baş rolları Eyvaz Əliyev, Namiq Ağayev və Arzu Əhmədov çıxış edib.
“Dmitrov küçəsi 86” filminin ssenari müəllifi və quruluşçu rejissoru Cəfər Axundzadə, quruluşçu operatoru Əlişir Həmidhocayev, bəstəkarı Rüstəm Zeynallıdır. Baş rolları Zemfira Sadıqova, Əlibəy Məmmədli, Abdul Mahmudov və Dilarə Kazımova ifa edib. Film Didor Beynəlxalq Film Festivalının müsabiqə proqramında iştirak edib.
Kinoalmanaxın quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri Azər Quliyev, prodüserləri Müşfiq Hətəmov və İradə Bağırzadədir.

report.az