"Azərbaycanda elm və texnologiya üzrə Ali Şura yaradılmalıdır".
Belə bir təkliflə Azərbaycanda Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə çıxış edib.
Onun sözlərinə görə, Ali Şuranın qərarı bütün elmi təşkilatlar üçün icbari xarakter daşımalıdır: "Şuranın tərkibində AMEA, təhsil, biznes, patent və gənc alimlərin nümayəndələri olmalıdır. "Elm haqqında" qanunun əsas vəzifələrdən biri də tədqiqat universitetinin statusunun müəyyənləşdirilməsidir. Elm və təhsil sahəsində mühüm məqamlardan biri də elmin koordinasiyasıdır. Çünki bu istiqamətdə vəziyyət qənaətbəxş deyil. Elmi araşdırmalarda təkrarçılıq, dünya elmində səsləşməyən problemlərin mövcudluğu var. Bununla bağlı müvafiq təkliflərin hazırlanması olduqca vacibdir”.
A.Əlizadə bildirib ki, hazırda AMEA-da tədqiqat universitetlərinə qoyulan tələblərin, standartların müəyyənləşdirilməsi üçün xüsusi komissiya fəaliyyət göstərir: "Bu sahədə mühüm məqamlardan biri də elmi fəaliyyətin akkreditasiyasının yaradılmasıdır. Bununla bağlı müvafiq mexanizmlər hazırlanır. Məqsəd dünya standartlarının Azərbaycan elmində tətbiq olunmasıdır".
report.az