Təhsil naziri: "Azərbaycanda son illər doktoranturada oxuyanların sayı 2 dəfədən çox artıb"
22.12.2016

"1990-cı illə müqayisədə hazırda aspirantura, son illər isə doktoranturada təhsil alanların sayı 2 dəfədən çox artaraq 2875 nəfərə çatıb".
Bunu təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanın müxtəlif elmi müəssisələrində 33 min şəxs elmi tədqiqatlarla məşğul olur: "Onlardan 12 mini fəlsəfə doktoru, 2 500 nəfəri isə elmlər doktorudur".
Nazir əlavə edib ki, ümumi təhsilin keyfiyyət göstəricilərində son 3 ildə yüksəliş əldə edilib: "Bu nəticə ali məktəblərə qəbulun göstəricilərinə də təsir edib. Belə ki, son 3 ildə 500-dən çox bal toplayanların sayı 19 faiz, 600-dən çox bal toplayan abituriyentlərin sayı 32 faiz artıb".
O, həmçinin xatırladıb ki, bu il ölkədə olan ali təhsil müəssisələrinin sayı 51-ə, tələbələrin sayı isə 160 minə çatıb.

report.az