Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Romualdo Del Bianko Fondu ilə 13 ildir ki, əməkdaşlıq edir. Bu illər ərzində biz həm Bakıda, həm də Florensiyada çoxsaylı tədbirlər keçirmişik.
Bu fikirləri Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru professor Gülçöhrə Məmmədova bildirib.
Rektor deyib: “Biz Florensiyada Azərbaycan memarlığına, o cümlədən İslam memarlığına həsr olunmuş dörd elmi konfrans keçirmişik. Bugünkü sərginin isə fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, burada Azərbaycanın qədim memarlıq irsini deyil, müasir memarlığını təqdim edirik. Bu sərgi Azərbaycan memarlığına marağın artması baxımından mühüm əhəmiyyətə malikdir. Bu tədbirin keçirilməsinə görə Romualdo Del Bianko Fonduna və Fondun direktoru Paolo Del Biankoya təşəkkür edirəm. Paolo Del Bianko həqiqətən də Azərbaycanın dostudur. O, Azərbaycanın təbliği üçün çox işlər görür. Bugünkü tədbir də bunu bir daha sübut edir”.
Gülçöhrə Məmmədova son 10-15 ildə Azərbaycanda memarlığın böyük inkişaf yolu keçdiyini vurğulayıb.
azertag.az