Xalq Artisti Yaşar İmanovun müəllif konserti keçirilib
22.12.2016

Dekabrın 21-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyi ilə tanınmış bəstəkar və dirijor, Xalq Artisti, professor Yaşar İmanovun müəllif konserti keçirilib.

Tədbirdə Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi, BMA-nın professoru Zemfira Qafarova çıxış edərək Yaşar İmanovun həyat və yaradıcılığından danışıb.

Bildirilib ki, Y.İmanov Asəf Zeynallı adına Musiqi Texnikumunu və Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasında hərbi dirijorlar fakültəsini bitirib. 1994-1998-ci illərdə Yaşar İmanov Qara Qarayev adına Dövlət Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifələrində çalışıb, 1998-ci ildən Niyazi adına Azərbaycan Radio və Televiziyasının simfonik orkestrinin bədii rəhbəri və baş dirijorudur. Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə bir çox mükafatlara və fəxri adlara layiq görülən Yaşar İmanovun musiqimizin təbliği və inkişafında böyük əhəmiyyəti olan çoxsaylı konsertlərin təşkil edilməsində və idarə olunmasında böyük əməyi var, eyni zamanda, bəstəkarlıq sahəsində tapıntılarla zəngin olan maraqlı yaradıcılıq irsinə malikdir.

Konsertdə Azərbaycan Dövlət Simli Kvartetinin müşayiəti ilə bəstəkarın “Təntənəli marş”, “Bu sevgi”, “Ölümünlə yol açdın”, “Halal olsun”, “Poema”, “Lirik Vals”, “Tokkata” və digər musiqi kompozisiyaları ifa olunub.

azertag.az