Qafqaz Universitetində “Azərbaycan və İndoneziyada multikulturalizm və sosial həyat” mövzusunda beynəlxalq seminar keçirilib.
Tədbir Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Qafqaz Universitetinin “Azərbaycan multikulturalizmi” Elm-Tədris Mərkəzi, İndoneziyanın Cuanda Universiteti, Surakarta Dövlət İslam Universiteti, Sunan Kaliraja Dövlət İslam Universiteti və bu ölkənin Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub.
Tədbirdə Qafqaz Universitetinin rektoru, professor Havar Məmmədov ulu öndər Heydər Əliyevin təhsilə daim xüsusi önəm verdiyini, dahi rəhbərin siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini bildirib. O, dövlətimizin başçısı tərəfindən 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edildiyini xatırladıb.
Sonra Azərbaycan Respublikasının millətlərarası, dini və multikulturalizm məsələləri üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi Seyfəl Həsənov Azərbaycan multikulturalizminin inkişaf mərhələlərindən danışıb.
Seminarda, həmçinin “İndoneziya və multikultural problemlər”, “İndoneziyada multikulturalizm: İndoneziya universitetlərində multikultural təhsil konsepsiyası” və digər mövzularda məruzələr dinlənilib.
azertag.az