Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Sərhəd-keçid məntəqələrində fitosanitar qaydalarının tənzimlənməsi, bitki və bitkiçilik məhsullarının yoxlanılması” mövzusunda seminar keçirilir. Dekabrın 21-də işə başlayan ikigünlük seminar “Azərbaycan və Gürcüstan arasında "Qırmızı Körpü" sərhəd-keçid məntəqəsinin inkişafına dəstək Layihəsi" çərçivəsində təşkil olunub.
Seminarda Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sərhədyanı postları, eləcə də Dövlət Fitosanitar Nəzarəti Xidmətinin nümayəndələri iştirak edirlər.
Tədbirin açılış mərasimində BMT-nin İnkişaf Proqramının strateji əməkdaşlıq üzrə müşaviri Məzahir Əfəndiyev əmin olduğunu bildirib ki, seminar nəticəsində əldə edilən biliklər sərhəd-keçid məntəqələrində fitosanitar nəzarətin keyfiyyətinin artırılmasına, sərhəddən keçirilən bitki və bitkiçilik məhsullarının dəqiq yoxlanılmasına, o cümlədən Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin olunması işinə töhfə verəcək.
DGK-nin Gömrük nəzarətinin təşkili Baş İdarəsinin rəis müavini Rauf Məmmədov “Azərbaycan və Gürcüstan arasında "Qırmızı Körpü" sərhəd-keçid məntəqəsinin inkişafına dəstək Layihəsi"nin aktuallığından bəhs edib və sərhəd-keçid məntəqələrində fitosanitar nəzarətinin təkmilləşdirilməsinin əhəmiyyətinə toxunub.
Seminarı Latviya Qida və Baytarlıq Xidmətinin Sərhəd Nəzarət İdarəsinin fitosanitar məsələləri üzrə direktor müavini Kristina Romanova aparır.
İştirakçılara fitosanitar nəzarəti üzrə tənzimləyici qaydalar, fitosanitar nəzarətin sənədləşdirilməsi, keyfiyyəti idarəetmə sistemi, bitki məhsullarının risk elementləri, ağac və ağac qablaşdırma materiallarının yoxlanılması və digər mövzularda bilgi verilir, onları maraqlandıran suallar cavablandırılır.
Xatırladaq ki, “Azərbaycan və Gürcüstan arasında "Qırmızı Körpü" sərhəd-keçid məntəqəsinin inkişafına dəstək Layihəsi" Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin İnkişaf Proqramı və DGK tərəfindən birgə icra olunur.
Layihədə əsas məqsəd Azərbaycan və Gürcüstan gömrük xidmətləri arasında əməkdaşlığı inkişaf etdirmək, ticarəti asanlaşdırmaq, sərhədlərdə sanitar və fitosanitar yoxlamaları gücləndirmək, həmçinin "Qırmızı Körpü" sərhəd-keçid məntəqəsini daha yaxşı infrastruktur və müasir texnologiya ilə təmin etməkdir.
report.az