Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Rəssamlıq Akademiyası və Milli Onkologiya Mərkəzində olub
23.12.2016

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dekabrın 22-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında olub.

Tələbələrlə keçirilən görüşdə akademiyanın fəaliyyəti, buradakı təhsil şəraiti barədə məlumat verilib. 2000-ci ildə Azərbaycan Prezidenti, ümummilli lider Heydər Əliyevin Fərmanı ilə yaradılan Dövlət Rəssamlıq Akademiyasında hazırda 7 ixtisas və 20 ixtisaslaşma üzrə rəssam kadrlar hazırlanır.

Akademiyanın rektoru, Xalq Rəssamı Ömər Eldarov bildirib ki, təsviri sənət, memarlıq və dizayn, dekorativ-tətbiqi sənət və sənətşünaslıq fakültələrində tələbələr bakalavr və magistratura pillələrində təhsil alırlar. Həm bakalavr, həm də magistrların yüksək ixtisaslara yiyələnməsi üçün akademiyada emalatxanalar yaradılıb.

Leyla Əliyeva emalatxanalarda tələbələrin əl işləri ilə tanış olub, onlara yaradıcılıq prosesində tövsiyələrini verib.

Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının bir qrup tələbəsi ilə birlikdə Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında olub.

Klinikada müalicə olunan uşaqlara baş çəkən Leyla Əliyeva onların səhhəti, müalicələrinin gedişi ilə maraqlanıb, qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbriklərini çatdırıb.

Leyla Əliyeva və Rəssamlıq Akademiyasının tələbələri, həmçinin uşaqlarla birlikdə müxtəlif mövzularda rəsmlər çəkiblər.

Qeyd edək ki, təşkil edilən bu görüş klinikada müalicə olunan və öz istedadları ilə seçilən uşaqlar üçün yaradıcılıq imkanlarının genişləndirilməsi baxımından həm də gözəl bir fürsət olub.

Leyla Əliyeva Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasındakı uşaqların müalicəsinin Fondun nəzarətində olduğunu, uşaqların sağlamlığı ilə bağlı məsələlərə daim önəm verildiyini bildirib.

azertag.az