Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Fəcr” qəzetində Qız qalası haqqında məqalə dərc edilib
23.12.2016

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Əl-Fəcr” qəzetində baş redaktor Şərif Əl-Bəsilin Azərbaycan haqqında silsilə məqalələrindən olan “Qız Qalası...Azərbaycan qadınının şərəf və izzət rəmzi” adlı məqaləsi dərc edilib.

Qəzetin elektron versiyasında da yayılan məqalədə baş redaktor Azərbaycanın paytaxtı Bakıda müasir memarlıq abidələri ilə yanaşı, ölkənin qədimliyini təsdiq edən tarixi abidələrin mövcudluğunu qeyd edir, Dənizkənarı Milli Parkla üzbəüz nadir memarlıq üslubunda inşa edilmiş Qız qalasından söhbət açır.

Qız qalasının qeyri-adi formasını təsvir edən Ş.Əl-Bəsil onun tarixi üzərində dayanır və eyni zamanda, digər tarixi əhəmiyyət daşıyan abidələr kimi bu möcüzəvi tikilinin xüsusən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən xüsusi qayğı ilə əhatə olunduğu, bunun nəticəsində onun yenidən bərpa edildiyi, 2000-ci ildə UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edildiyi barədə oxuculara məlumat verir.

Məqalənin müəllifi qalanın daxili quruluşunu vəsf edərkən onun aşağısından yuxarısına aparan dairəvi pilləkənlərin unikallığını önə çəkir, mərtəbələrin birində muzeyin fəaliyyət göstərdiyini yazır və qalanın yuxarısına çatdıqdan sonra unudulmaz mənzərənin açıldığını qeyd edir. O, fürsətdən istifadə edərək, Bakıya gedən turistlərə Qız qalasını hökmən ziyarət etməyi və qalanın üzərindən xüsusən də qürub vaxtı yaranan mənzərəni seyr etməyi tövsiyə edir. Həmçinin qalanın ətrafında ekranların yerləşdirildiyini və onların üzərində bu gözəl tarixi abidə barədə yazıların əks olunduğunu diqqətə çatdırır.

Sonra Ş.Əl-Bəsil Qız qalası ilə bağlı xalq arasında daha çox yayılan əfsanədən bəhs edir və onun gənclər arasında sevgi nümunəsinin bariz örnəyi olduğunu vurğulayır.

Məqalədə daşlarının hələ də min illərin sirlərini özündə qoruyub saxladığı bu sehrli qala haqqında çoxlu əfsanələrin gəzdiyi vurğulanır.

azertag.az