Tanınmış bəstəkar Nazim Əliverdibəyovun anadan olmasının 90 illiyi qeyd olunub
23.12.2016

Dekabrın 22-də Niyazinin ev-muzeyində Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin (AMMDM) birgə təşkilatçılığı ilə görkəmli bəstəkar və pedaqoq Nazim Əliverdibəyovun anadan olmasının 90 illiyinə həsr olunmuş tədbir təşkil olunub.

Tədbirdə AMMDM-in direktoru Alla Bayramova, Bakı Musiqi Akademiyasının (BMA) professoru Ülviyyə Hacıbəyova, muzeyin şöbə müdiri Xanım Abdinova çıxış edərək unudulmaz sənətkarın həyat və yaradıcılığından, musiqi mədəniyyətimizə verdiyi töhfələrdən söhbət açıblar.

Bildirilib ki, 1926-cı ildə anadan olan Nazim Əliverdibəyov Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1951-1985-ci ildə Bülbül adına orta ixtisas məktəbində və Azərbaycan Dövlət Konservatoriyasında dərs deyən bəstəkar, həm də kino bəstəkarı, musiqi redaktoru olub. O, Üzeyir Hacıbəylinin “Əsli və Kərəm”, “Leyli və Məcnun” operalarını yenidən orkestrləşdirib, dahi bəstəkarın nəşr edilmiş "Leyli və Məcnun" (1983), "Koroğlu" (1985) operalarının partituralarının redaktoru olub.

Çıxışlar Nazim Əliverdibəyovun həyat və yaradıcılıq yolunu əks etdirən slayd-şou ilə müşayiət olunub.

Tədbir BMA-nın tələbələrinin ifasında konsert proqramı ilə davam edib. Konsertdə bir sıra xalq və bəstəkar mahnıları ilə yanaşı, N.Əliverdibəyovun müəllifi olduğu əsərlər də səsləndirilib.

azertag.az