Bilik Fondunda texnika elmləri doktoru Kamal Mehman oğlu Abdullayevin 80 illik yubileyi ilə bağlı görüş keçirilib.
Fonddan verilən məlumata görə, alimlə keçirilən görüşdə, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov, alimlər, ictimai xadimlər, jurnalistlər, Bilik Fondunun əməkdaşları iştirak ediblər.
Qonaqları salamlayan O.Səmədov K.Abdullayevin həyatı və elmi yaradıcılığı, alimlik fəaliyyəti barədə geniş məlumat verib. İcraçı direktor deyib ki, 1936-cı ildə Qusar rayonunun Əcəxur kəndində anadan olan K.Abdullayev 1961-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib, "Azərenerji" idarəsində mühəndis-energetik vəzifəsində işə başlayıb.
Bilik Fondunun direktoru K.Abdullayevin həmin idarədə 10 il şöbə müdiri vəzifəsində işlədiyini xatırladaraq, professorun 1966-ci ildə texnika elmləri namizədi elmi dərəcəsini aldığını bildirib.
İcraçı direktotr yubilyarın 1978-ci ildə Moskvanın Energetika İnstitutunda doktorluq dissertasiyası müdafiə etdiyini vurğulayıb, K.Abdullayevin 260-dan çox elmi əsərin, xarici ölkələrdə çap olunmuş 6 monoqrafiyanın, istilik energetikasına dair Azərbaycan dilində ilk dəfə çapdan çıxmış 6 dərsliyin, 20-dən artıq elmi axtarışın müəllifi olduğunu deyib.
Dövlət müşaviri akademik K.Abdullayev yubilyarı təbrik edərək onu təkcə bir alim kimi deyil, bir vətəndaş kimi də şəxsi nümunəsi ilə örnək ola biləcək insan adlandırıb: “Bu qədər tələbəsi, bu qədər məsləkdaşı olan insan doğrudan da xoşbəxtdir”.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kafedra müdiri, professor Muxtar Ağamalıyev K.Abdullayevin tələbəsi olması ilə fəxr etdiyini deyib. O bildirib ki, Azərbaycanın əməkdar elm xadimi K.Abdullayevin rəhbərliyi altında 50-dən çox namizədlik, 6 doktorluq, dissertasiyası müdafiə olunub. Çıxışçı Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə, 2010-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə professorun "Şöhrət" ordeni aldığını vurğulayıb.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Mustafa Babanlı rəhbərlik etdiyi təhsil ocağının professoruna belə yüksək dəyər verdiyinə görə dövlət müşaviri K.Abdullayevə və Bilik Fondunun rəhbərliyinə təşəkkürünü bildirib: “Professor K.Abdullayev həyatın bütün sınaqlarından üzüağ çıxmağı bacaran insandır. Bizim borcumuz onun kimi alimlərin dəyərini bilmək, onları gənc nəslə tanıtmaqdır”.
Çıxış edənlər – deputatlar Astan Şahverdiyev, Azər Badamov, “Samur” qəzetinin baş redaktoru Sədaqət Kərimova, alimin elmi uğurlarından, gənc alimlər nəslinin yetişməsində rolundan danışıblar.
Yubilyara Bilik Fondunun və Multikulturalizm Mərkəzinin hədiyyələri təqdim olunub.
trend.az