Multikulturalizm xalqımızın həyat tərzi, dövlət siyasətinin prioritet istiqamətidir
26.12.2016

Dekabrın 25-də Bakıda “Dərbənd” Xeyriyyə İctimai Birliyinin idarə heyətinin geniş iclası keçirilib. İclasda görkəmli dövlət və elm xadimi Əziz Əliyevin anadan olmasının 120 illik yubileyi qeyd edilib, ölkəmizdə “Multikulturalizm ili” ilə bağlı müzakirələr aparılıb.

Tədbirdə İctimai Birliyin üzvləri, ölkə ictimaiyyətinin nümayəndələri və ziyalılar iştirak ediblər.

İctimai Birliyin sədri, Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Akademiyasının Adyunktura və elm şöbəsinin hərbi tarix professoru, tarix elmləri doktoru Nurulla Əliyev tədbiri açaraq noyabrın 18-də Prezident İlham Əliyevin görkəmli dövlət və elm xadimi Əziz Əliyevin anadan olmasının 120 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncam imzaladığını bildirib.

Tədbirdə Əziz Əliyevin mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyətinə həsr olunan fotoslaydın nümayişindən sonra məruzə ilə çıxış edən N.Əliyev görkəmli dövlət və elm xadiminin tarixi xidmətlərindən söz açıb. Qeyd edib ki, müxtəlif məsul vəzifələrdə çalışan Əziz Əliyev dövlət idarəçiliyinin təkmilləşdirilməsində səmərəli fəaliyyət göstərib, respublikamızda səhiyyə sisteminin və tibb təhsilinin formalaşdırılmasına layiqli töhfələr verib. Əziz Əliyev Azərbaycanda və Dağıstanda mühüm vəzifələrdə çalışdığı dövrlərdə özünü bacarıqlı dövlət xadimi və səhiyyə sahəsində təşkilatçı kimi göstərib. Azərbaycan və Dağıstan xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi məhz Əziz Əliyevin adı ilə sıx bağlıdır. Onun Vətən və xalq qarşısındakı misilsiz xidmətləri hər iki respublikada yüksək qiymətləndirilib, xatirəsi əbədiləşdirilib.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasındakı əlaqələrdən söz açan N.Əliyev bildirib ki, ulu öndər Heydər Əliyevin səyləri nəticəsində xalqlarımız arasında bütün sahələrdə münasibətlər sürətlə inkişaf edib. Ümummilli Liderin diqqət və qayğısı nəticəsində hər iki respublikanın görkəmli şəxsiyyətlərinin yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi bunun əyani göstəricisidir.

Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də Azərbaycan və Dağıstan xalqları arasında əlaqələrin inkişafına xüsusi diqqət yetirir. Məhz bu diqqətin nəticəsidir ki, son illərdə hər iki respublika arasında müxtəlif sahələrdə əlaqələr sürətlə inkişaf edir. Bu ilin mayında Mahaçqalada Əziz Əliyevin abidəsinin açılışı, həmin ay ölkəmizdə Dağıstan mədəniyyət günlərinin keçirilməsi, dekabrın 23-də Mahaçqalada görkəmli dövlət xadimi Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş elmi konfransda Azərbaycandan geniş tərkibli nümayəndə heyətinin iştirakı və s. faktlar xalqlarımız arasında əlaqələrin inkişafının mühüm göstəriciləridir. Qeyd olunub ki, həmin tədbirlərdə İctimai Birliyin üzvləri də fəal iştirak ediblər.

Digər çıxış edənlər də görkəmli dövlət və elm xadimi Əziz Əliyevin xalqlarımız arasındakı əlaqələrin inkişafında misilsiz xidmətlərindən danışıblar. Qeyd edilib ki, Əziz Əliyevin siyasi fəaliyyətinin Dağıstan dövrü xalqlarımız arasındakı əlaqələrin ən şanlı səhifələrindən birini təşkil edir.

Daha sonra Nurulla Əliyevin “Prezident İlham Əliyevin cəmiyyətdə tolerant yaşam tərzinin inkişafında rolu və Dərbənd” mövzusunda məruzəsi dinlənilib. Məruzədə qeyd olunub ki, Azərbaycan xalqı əsrlərdir tolerantlıq, başqa dinlərə və mədəniyyətlərə hörmət prinsiplərini özünün həyat tərzinə çevirərək bu prosesə sadiqliyini nümayiş etdirib. Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etməsi heç də təsadüfi deyil. Çünki Azərbaycan yerli və beynəlxalq səviyyədə tolerantlıq ənənələrinə, mədəniyyətlərarası dialoqa mühüm töhfələr verir. Dövlətimizin başçısı multikulturalizmi və tolerantlığı Azərbaycanın dövlət siyasətinin prioritet istiqaməti və cəmiyyətimizin həyat tərzi kimi səciyyələndirib. Azərbaycanın multikulturalizm və tolerantlıqla bağlı mötəbər beynəlxalq forumlara ev sahibliyi etməsi bütün dünyanın diqqətini müxtəlif dinlərin və millətlərin nümayəndələrinin əsrlərdir dinc, yanaşı, mehribanlıq şəraitində yaşadığı ölkəmizə yönəldib.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda tolerant yaşam tərzinin qorunmasında və təbliğində rolunu xüsusi qeyd edən N.Əliyev deyib ki, Azərbaycan və Dağıstan xalqları arasındakı münasibətlər bunun bariz nümunəsidir. Ulu Öndər ölkələr arasında münasibətlərin inkişafında mədəniyyətlərarası dialoqun əhəmiyyətini xüsusi vurğulayırdı. Bu gün Prezident İlham Əliyev də Azərbaycan və Dağıstan xalqları arasında əlaqələrin inkişafına xüsusi diqqət yetirir.

Vurğulanıb ki, “Dərbənd” Xeyriyyə İctimai Birliyi də Azərbaycan və Dağıstan respublikaları arasında münasibətlərin inkişafına töhfə verməyə çalışır. Ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edən İctimai Birlik müxtəlif tədbirlər, görüşlər keçirir, həmyerlilərimizin vəziyyəti ilə maraqlanır. Qurumun üzvləri Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti fəal dəstəkləyirlər.

İctimai Birliyin üzvləri də çıxışlarında Azərbaycanın qədim və zəngin tarixi kökləri olan tolerantlıq ənənələrinin dünyaya nümunə olduğunu vurğulayıblar.

Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, kulturoloq, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədovun “Kulturologiya, multikulturalizm və Azərbaycanın davamli inkişafı” mövzusunda məruzəsi dinlənilib. Məruzədə qeyd olunub ki, multikulturalizmin alternativi yoxdur. Dayanıqlı inkişaf multikulturalizm olmadan mümkün deyil. Azərbaycanda multikultural mühitin qorunması və inkişafı yönündə məqsədyönlü addımların atılması, Prezident İlham Əliyevin multikulturalizmi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirməsi Azərbaycan həqiqətlərinin dünyada təbliği baxımından olduqca əhəmiyyətlidir. Bu gün Azərbaycan nümunəsi göstərir ki, multikulturalizm yaşayır.

Assosiasiya tərəfindən hazırlanmış “Kulturologiya, mədəniyyət və sivilizasiya” kitabı haqqında məlumat verən F.Məmmədov deyib ki, nəşr ölkəmizin davamlı inkişafına kömək edən azərbaycançılıq ideologiyası, vətəndaş mədəniyyətinin, insan kapitalının inkişafı və multikulturalizm siyasətinin uğurla həyata keçirilməsi məqsədlərinə xidmət edir.

Sonra Prezident İlham Əliyevin doğum günü münasibətilə “Dərbənd” Xeyriyyə İctimai Birliyinin üzvləri adından təbrik məktubu oxunub.

Sonda cari ildə İctimai Birliyin fəaliyyətinin yekunları və gələn ildə qarşıda duran vəzifələr müzakirə edilib, bir sıra təkliflər səsləndirilib.

azertag.az