Bu gün Yaşar Nurinin doğum günüdür
3.9.2012

Bu gün xalq artisti, sevilən aktyor Yaşar Nurinin doğum günü qeyd olunur.

1951-ci il sentyabrın 3-də Bakıda anadan olan Yaşar Məmmədsadıq oğlu Nuriyev Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb.

Kurs rəhbərləri, tanınmış səhnə xadimləri Rza Təhmasib və Əliheydər Ələkbərovdan aktyorluq sənətinin incəliklərini öyrənib.

1974-cü ildə Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub. Yaşar Nuriyev Milli Dram Teatrında işlədiyi illərdə repertuardan düşməyən 20-dən çox tamaşada yaddaqalan obrazlar yaradıb. bunların sırasında Sərsəm Salman (“Dəli yığıncağı”), Məşədi Oruc (“Ölülər”, C. Məmmədquluzadə), Əbdüləli bəy, (“Sevil”, C. Cabbarlı), Ağamusa Nağıyev (“Mesenat”, Ə.Əmirli), Kürən (“Xəcalət”, H.Mirələmov) Rəhman (“Fəryad”, B. Vahabzadə), İsgəndərzadə (“Ah, Paris… Paris!..”, Elçin), Xandəmir (“Afət”, Hüseyn Cavid), və s. xüsusi yer tutur.

Teatr aktyoru kimi görkəmli sənətkar olan Yaşar Nuriyev həm də mahir kino ustasıdır. Onun böyük populyarlıq qazandığı çoxlu ekran obrazları var. Vaqif Mustafayevin çəkdiyi “Yaramaz” bədii filmindəki Maşallah roluna görə Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı adına layiq görülüb. Azərbaycan Dövlət Televiziyasında hazırlanmış yüzdən çox tamaşada, bədii kompozisiyada, satirik səhnəciklərdə iştirak edib.

İstedadlı aktyor teatr sənətində böyük uğurlara görə Azərbaycan Respublikasının Lenin Komsomolu (1984), “Qızıl dərviş” (1992 və 1996) mükafatları laureatıdır. Səhnədə və ekranda yaratdığı parlaq obrazlara görə 1981-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1989-cu ildə Xalq artisti fəxri adlarına layiq görülüb. Iki gün əvvəl Respublika Prezidentinin fərmanı ilə isteadlı aktyor Şöhrət ordeni ilə təltif edilib.

Qeyd edək ki, hazırda səhhətində yaranan problemlə bağlı Türkiyədə müalicə olunan aktyor özünü yaxşı hiss edir.


Gün.Az