Metronun bu stansiyası daha da gözəlləşdi
26.12.2016

Bakı metrosunun Bənövşəyi xəttinin "Memar Əcəmi" stansiyası daha da gözəlləşib.
Bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

Şöbə rəisinin sözlərinə görə, dünya rəssamlarının rəsm əsərlərinin "Nəriman Nərimanov" stansiyasının keçidlərində nümayiş olunan nümunələri artıq "Memar Əcəmi" stansiyasının divarlarını xüsusi dizaynda bəzəyir: "Stansiyada dünya rəssamlarının 90-a yaxın rəsm əsəri nümayiş olunur. Bu şəkillər hələ uzun müddət stansiyanı bəzəyəcək, sərnişinlərin gözlərini oxşayacaq".

Qeyd edək ki, dekabrın 1-dən etibarən metronun "Nəriman Nərimanov" stansiyasının keçidlərində artıq növbəti, 6-cı rəsm sərgisinin açılışı olub. "Azərbaycan Rəssamları" adlanan sərgidə ümumilikdə 37 müəllifin 90 əsəri nümayiş olunur. Hazırda "Memar Əcəmi" stansiyasını bəzəyən rəsm əsərləri isə "Nəriman Nərimanov" stansiyasında bundan əvvəl təşkil edilmiş sərgidə nümayiş olunmuşdu.

milli.az