Azərbaycan ərazisində hava meteohəssas insanlar əlverişsiz olacaq
3.9.2012

Yaxın üç gündə ölkə ərazisində hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gürşad Məmmədovanın verdiyi məlumata görə, sentyabrın 4-də Bakı və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Şimal küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-23, gündüz 26-30 dərəcə isti olacaq.

Sentyabrın 5-də az buludlu, yağmursuz hava şəraiti müşahidə olunacaq, cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-23, gündüz 27-32 dərəcə isti təşkil edəcək.

Sentyabrın 6-da havanın dəyişkən buludlu, gündüz arabir tutulacağı gözlənilir. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturu gücə 18-22, gündüz 23-26 dərəcə təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 4-də əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin gecə və axşam bəzi şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23 dərəcə, gündüz 29-34, dağlarda gecə 8-13, gündüz 18-23 dərəcə isti təşkil edəcək.

Sentyabrın 5-də hava əsasən yağmursuz keçəcək. Lakin sentyabrın 6-da gecə və axşam bəzi şimal və şərq rayonlarında şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Havanın temperaturu gecə 18-23, gündüz 29-34, dağlarda gecə 8-13, gündüz 20-25 dərəcə isti olacaq.

Tibbi meteoroloji proqnoza gəlincə, sentyabrın 4-də Abşeron yarımadasında mövsümə uyğun temperatur rejimi və meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir. Lakin sentyabrın 5-i və 6-da atmosfer təzyiqinin xeyli tərəddüdü, sentyabrın 5-də arabir güclənən gilavar küləyinin sentyabrın 6-da güclü xəzri küləyinə keçməsi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

APA