Dekabrın 26-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında Folklor İnstitutunun təşkilatçılığı ilə “Azərbaycan folklorunun funksional strukturunun multidissiplinar problemləri və perspektivləri” mövzusunda respublika elmi konfransı keçirilib.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli son illər Azərbaycan folklorşünaslığını milli ictimai-humanitar elmlər içərisində xüsusi inkişaf edən sahələrdən biri kimi dəyərləndirib və bu istiqamətdə Folklor İnstitutunun fəaliyyətinin təqdirəlayiq olduğunu bildirib.
İ.Həbibbəyli qeyd edib ki, Azərbaycan folkloru xalqımızın milli-mənəvi dəyərləri toplusu olduğu üçün bu sahənin müxtəlif aspektlərdən tədqiqi yalnız elmi deyil, həm də ümumi ictimai məna daşıyır. Akademik folklorun funksional struktur aspektindən multidissiplinar tədqiqinin müasir humanitar elmlərin nəzəri-metodoloji axtarışları baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. İ.Həbibbəyli deyib: “Hazırda multidissiplinar araşdırmalar Azərbaycan elminin əsas prioritetlərindən biridir. Özündə xalqın tarixi təcrübəsini, mifik görüşlərini, dini inanclarını, estetik baxışlarını əks etdirən folklorun multidissiplinar tədqiqi xüsusilə zəruridir. Çünki xalqın bütöv mahiyyətinin hərtərəfli təcəssüm olunduğu folklor xəzinəsi multidissiplinar yanaşma olmadan, kompleks tədqiq oluna bilməz”.
Konfransda diqqət mərkəzinə gətirilən problemlərin müasir elmi əhəmiyyətindən söz açan akademik dünya folklorşünaslıq elminin nəzəri təcrübələrinin milli elmi fikir dövriyyəsinə daxil edilməsinin Azərbaycan folklorşünaslığının daha da inkişaf etməsinə təkan verəcəyini deyib.
İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov Azərbaycan folklorşünaslığında folklorun nəzəri aspektdən araşdırılmasının mühüm istiqamətlərdən biri olduğunu deyib. AMEA-nın müxbir üzvü hazırda folklorun tamamilə yeni məzmun daşıdığını vurğulayıb. M.İmanov deyib: “Folkloru yalnız yaddaşlardan toplanmış və arxivlərdə saxlanılan, yaxud da nəşr edilmiş folklor külliyyatlarında əks olunan milli irs kimi başa düşmək doğru deyil. Folklor bu gün də canlı kommunikasiya prosesində yaşamını davam etdirən mühüm bir mədəni təsisatdır. Bu mədəni təsisat müasir informasiya-kommunikasiya texnologiyalarının, virtual mədəni mühütin inkişafı ilə şərtlənərək indi tamamilə yeni məzmun əldə edib. Ona görə də folklorun prosessual təbiəti yalnız funksional struktur aspektindən tədqiq olunarkən bu xüsusiyyətlər araşdırmaya cəlb edilə bilir".
Dünya folklorşünaslığında multidissiplinarlığın zəngin təcrübəsinin olduğunu deyən M.İmanov bu irsin filoloji olmaqla yanaşı, antropoloji, sosioloji, kulturoloji, psixoloji və başqa aspektlərdən də öyrənilməsinin zəruriliyini vurğulayıb.
Konfransda filologiya üzrə fəlsəfə doktorları Sərxan Xavərinin “Folklorun funksional strukturunun multidissiplinar analizi”, Hikmət Quliyevin “Ənənəvi folklordan virtual folklora: evolusion yanaşma, problem və prespektivlər”, Səfa Qarayevin “Məna axtarışı müstəvisində psixoanaliz və folklor” mövzularında məruzələri dinlənilib.
Mövzular ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.
azertag.az