“Qaçaq qocalar” pyesi nümayiş olunub
27.12.2016

Dekabrın 26-da Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) “Zəfər” yaradıcılıq studiyasının nəzdində Mustafa Mərdanovun adını daşıyan səhnədə “Qaçaq qocalar” pyesi nümayiş olunub. Tədbir tanınmış yazıçı-dramaturq Elçin Hüseynbəylinin 55 illik yubileyinə həsr olunub.

Tədbirdə ATXİ-nin sədri, Xalq Artisti Azərpaşa Neymət, Xalq Yazıçısı Çingiz Abdullayev, Xalq Artisti Hacı İsmayılov, şair Oqtay Rza və başqaları çıxış edərək Elçin Hüseynbəylini 55 illik yubileyi münasibətilə təbrik edib, tamaşa haqqında fikirlərini bölüşüblər.

Çıxış edənlər çox məhsuldar yazıçı olan E.Hüseynbəylinin bir çox uğurlara imza atdığını deyiblər. Bildirilib ki, onun roman və dram əsərləri əsasən sintetik janrdadır, təhkiyəsi axıcı, üslubu fərdidir. Əsasən milli problemləri qabardır, amma dünyanı bütöv qavrayır. Roman və dramları konkret ideyaya əsaslanır, süjet xətti kəskin intriqa üstündə qurulur. Əsərləri ingilis, rus, alman, fransız, polyak, fars və digər dillərə tərcümə olunub, türkdilli xalqların dillərinə uyğunlaşdırılıb. Kitabları Türkiyə, Rusiya, Litva, Özbəkistan və Gürcüstanda nəşr olunub. Doqquz pyesi dövlət teatrlarında oynanılıb.

Bildirilib ki, “Qaçaq qocalar” əsəri Xalq Artisti Cənnət Səlimovanın rəhbərliyi altında ATXİ-də fəaliyyət göstərən rejissor laboratoriyasında hazırlanıb. Tamaşa Türkiyənin Bozüyük şəhərində keçirilən “Beynəlxalq Metristəpə Teatr günləri” və Antalya Böyükşəhər Teatrı tərəfindən təşkil olunmuş “Qonaq teatrlar” layihəsi çərçivəsində təqdim olunub. Qastrol səfəri çərçivəsində tamaşa müxtəlif şəhərlərdə 6 dəfə nümayiş olunmasına baxmayaraq, hər dəfə maraqla qarşılanıb. Nəticədə yaradıcı heyət Antalya Böyükşəhər Bələdiyyəsinin iki mükafatı ilə təltif edilib.

Tamaşanın rejissoru Əməkdar Artist Nofəl Vəliyevdir. Səhnə əsərində rolları aktyorlar Kərəm Hadızadə, Bəhruz Vaqifoğlu və Mənsumə Babayeva ifa ediblər.

Qaçqınların həyatından bəhs edən əsər qəmli olsa da nikbin həyat fəlsəfəsi, gələcəyə inamlı baxışları ilə böyük maraq doğurub.

azertag.az