Azərbaycan alimləri Daşkənddəki “Şərq qadını” Beynəlxalq Qadın İctimai Fondunda olmuşlar
3.10.2011

Böyük özbək şairi Əlişir Nəvainin anadan olmasının 570 illiyi münasibəti ilə Daşkənddə “Əlişir Nəvainin yaradıcı və mənəvi irsinin dünyəvi əhəmiyyəti” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Konfransda Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun professorları Nüşabə Araslı və Almaz Ülvi iştirak etmişlər. Azərbaycan alimləri Daşkənddəki “Şərq qadını” Beynəlxalq Qadın İctimai Fondunda da olmuşlar.
Fondun sədri Səadət Tursunbaeva bildirmişdir ki, Fond öz ətrafında 100-dən artıq təşkilatı birləşdirir və vilayətlərdəki filiallar vasitəsilə qadınların məşğulluq probleminin həllinə köməklik göstərir.
Fondun əsas məqsədlərində biri də özbək qadınlarını dünyada tanıtmaqdır. Nüşabə Araslı və Almaz Ülvi Azərbaycandakı qadın təşkilatlarının fəaliyyəti, qadınların dövlət strukturlarında təmsil olunması, ölkəmizin iqtisadi inkişafı və digər məsələlər haqqında məlumat vermişlər.
Qonaqlar qədim Səmərqənd şəhərində olmuş, Daşkəndin görməli yerlərini gəzmişlər.