Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək “ƏN Yeni il” adlı konsert proqramında iştirak edəcək tamaşaçılar üçün metronun “Koroğlu” stansiyasından pulsuz avtobuslar fəaliyyət göstərəcək.
Stadionun mətbuat katibi Cəmilə Mehdiyeva bildirib ki, avtobuslar həm konsertin keçiriləcəyi məkana, həm də əks istiqamətə hərəkət edəcək: “Avtobuslar dekabrın 31-i saat 18.00-dan tədbirin sonunadək işlək olacaq”.
Eyni zamanda, stadionda konsertin keçiriləcəyi yerdə istilik zonaları da yaradılacaq. Yəni, kiməsə soyuq olsa, həmin zonalarda qızınacaqlar.
Xatırladaq ki, konsertdə “AAAF Park” Yaşayış kompleksindən mənzil, “SEAT Baku” Mərkəzindən 2 avtomobil və “HELL Azərbaycan” şirkəti tərəfindən təqdim edilən iki nəfərlik Macarıstan səyahəti də uduş fondu olaraq lotoreya vasitəsi ilə öz sahiblərini tapacaq.
Qeyd edək ki, konsert proqramında yerli ulduzlar Röya və Miri Yusif ilə yanaşı, türk estrada ulduzları Hadisə, Demet Akalın, Murat Dalkılıç, Berksan, Ozan Doğulu, məşhur DJ-lər Cemre və Mahmut Orhan çıxış edəcəklər.
Tədbirin informasiya dəstəkçisi “Report” İnformasiya Agentliyidir. Sponsorlar isə AAAF Park Yaşayış Kompleksi, “High Boost”, “Seat”, “Baku Entertainment Factory”, “Hell” və Iticket.az saytıdır.
report.az