“Fəxri yol” kitabının təqdimatı keçirilib
28.12.2016

Tanınmış idarəçi, biznes konsultant, təlimçi, bloqqer, yazıçı və hazırda “AAAF Holdinq”in vitse-prezidenti vəzifəsində çalışan Fəxri Ağayevin “Fəxri yol” adlı kitabının təqdimatı keçirilib.

“JW Marriott” mehmanxanasında baş tutan təqdimat zamanı Fəxri Ağayev kitabın mahiyyətindən danışaraq qonaqlara ətraflı məlumat verib.

Kitab, Fəxri Ağayevin şəxsi təcrübəsi üzərində qurulub: 2009-cu ildə çəkisi 120 kiloqram olan və 18 il siqaret çəkən bu insan, həyatında böyük dəyişiklik edərək, siqareti tərgidib, özünün hazırladığı sistemlə 40 kilodan çox arıqlayıb və bu gün 42 kilometr məsafəli marafon yarışlarında iştirak edir.

7 bölümdən ibarət olan kitabda sağlam həyat tərzi, qidalanma, idman fəaliyyəti və bu kimi maraqlı mövzular öz əksini tapıb. Müəllif bildirib ki, “Təəssüf ki, insanlar karyera və peşəkar inkişaf uğrunda illərlə səhhətlərinə zərər verirlər və sağlamlıqlarını itirirlər. Hesab edirəm ki, sağlamlıq bütün şəxsi və peşəkar nailiyyətlərimizin bünövrəsidir və biz bunun üçün ən sadə qidalanma və fiziki aktivlik mövzularında qaydalara riayət etsək, sağlam olarıq”. Təqdimatın sonunda qonaqlara müəllif tərəfindən kitab hədiyyə olunub və xatirə şəkilləri çəkilib.

Qeyd edək ki, bu, Fəxri Ağayevin sayca ikinci kitabıdır. Bundan əvvəlki kitab “Saxla zamanı, gələr zamanı” adlanır. Daha 3 kitabın nəşri isə növbəti ilə planlaşdırılıb.

trend