Azərbaycan Prezidenti İlham Əliyev bu gün Moskvada keçirilən Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) IV qurultayına təbrik məktubu göndərib.
Qurultayın işində Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin rəhbəri Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, bir sıra rəsmi şəxslər, eləcə də Rusiyanın 68 regionundan nümayəndələr iştirak edirlər.
"Rusiyadakı Azərbaycan diasporu dünya azərbaycanlılarının diaspor təşkilatları arasında xüsusi yer tutur. ÜAK Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə 15 il əvvəl yaradılıb. Təşkilati prinsipinə və əhatə dairəsinə görə konqres Azərbaycan diaspor hərəkatının qabaqcılı kimi qəbul edilə bilər. Mövcud olduğu illər ərzində ÜAK soydaşlarımız arasında əlaqələrin daha da genişləndirilməsi üçün fəaliyyət göstərib, yaşayış regionlarının ictimai-siyasi və mədəni həyatında iştirak edib. Təşkilat Azərbaycan və Rusiya arasında dostluq və strateji əməkdaşlığın gücləndirilməsində ciddi uğurlar əldə edib", - Azərbaycan Prezidenti İlham Əliyevin Ə.Həsənov tərəfindən oxunan məktubunda deyilir.
Azərbaycan Prezidenti həmçinin qurultaya səmərəli fəaliyyt arzulayıb və Rusiyada yaşayan azərbaycanlıları Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib.
Qurultayda nümayəndələr gündəliyi qəbul edib: ÜAK rəhbərinin 5 il əraində şirkət tərəfindən görülən işlər barədə hesabatı dinləniləcək, hesabat ətrafında müzakirələr keçiriləcək.
Həmçinin tədbirdə Azərbaycan haqqında həqiqətlərin yerli ictimaiyyətə çatdırılması sahəsində qarşıda duran vəzifələr, təbliğat işlərində müasir metodlardan və informasiya texnologiyalarından istifadə, Rusiyada yaşayan həmvətənlərimizin hüquq və azadlıqlarının qorunması sahəsindəki problemlər və onların həlli yolları, növbəti beş il üçün fəaliyyət strategiyasının müəyyən edilməsi ilə bağlı geniş müzakirələrin aparılacağı planlaşdırılır. Qurultayda Mərkəzi Şuranın, Prezidumun yeni tərkibi seçiləcək və ardından Mərkəzi Şuranın iclası baş tutacaq.
Tədbirin sonunda bir sıra sənədlərin və müraciətlərin qəbul ediləcəyi gözlənilir.
report.az