Bu gün Bakının mərkəzində yerləşən “Hilton Bakı” otel kompleksinin açılışı olub. Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.
Prezident İlham Əliyev otelin rəmzi açılışını bildirən lenti kəsib.
“Hilton Bakı” otel kompleksi 2007-ci ildə “İSR Kapital Menecment” MMC və “Hilton Worldwide” şirkətləri arasında imzalanan müqavilə əsasında inşa olunub. Türkiyənin “Koray İnşaat” şirkəti tərəfindən 2010-cu ilin əvvəlindən inşasına başlanan 25 mərtəbədən ibarət oteldə ümumilikdə 309 otaq vardır. Otaqların 231-i standart, digərləri isə xidmət çeşidlərinə görə fərqlənən otaqlardır.
Dövlət başçısı burada “Şəkər-Lanç” və 200 nəfərlik “Silantro” restoranları ilə tanış olub.
Otelin 25-ci mərtəbəsindəki şəraitlə tanış olan prezident İlham Əliyevə məlumat verilib ki, Azərbaycanda ilk dəfə məhz burada bir saat ərzində 360 dərəcə fırlanan dairəvi istirahət yeri yaradılıb.
Dövlət başçısı otelin 24-cü mərtəbəsindəki “Sky Grill” restoranı ilə tanış olub. Qonaqlara geniş çeşiddə iaşə xidməti göstəriləcək. Otel kompleksindəki SPA və Fitnes Mərkəzində örtülü hovuz, masaj hovuzu, türk hamamı, 8 müalicə otağı, VİP SPA otağı yaradılıb. İdman mərkəzindəki bütün avadanlıqlar ABŞ-dan gətirilib.