Azərbaycanda günün müxtəlif vaxtlarına uyğun elektrik enerjisi tarifləri tətbiq edilə bilər
29.12.2016

Azərbaycanda aidiyyəti orqanlar milli enerji portfelinin yaradılması üçün orta xərci, istehlakçılar və istehsalçılar üçün əlverişli qiymətin müəyyənləşdirilməsini nəzərdən keçirəcəklər. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə qeyd olunub.
Sənəddə qeyd olunub ki, xərci əks etdirən tariflərin tətbiqinin nəzərdən keçirilməsi (elektrik enerjisinin qiymətlərini subsidiyalaşdırmadan), satınalma qiymətinin paritetlik göstəricilərini nəzərə alaraq, son istifadəçi tariflərinin beynəlxalq müqayisəli qiymətləndirilməsini həyata keçirmək üçün, zərurət olarsa, ekspert və məsləhətçilərdən ibarət qrup təşkil edilməsi, ev təsərrüfatları üçün ikisəviyyəli tarif sisteminin tətbiq edilməsi, tariflərin tətbiq olunacağı istehlak həcmi hədlərinin və bu şkalalar üzrə müvafiq tariflərin müəyyənləşdirilməsi nəzərdə tutulub.
"Strateji Yol Xəritəsi”nə əsasən, bəzi sənaye sahələri üçün güzəştlərin azaldılmasının, qiymətlərin günün vaxtına görə diferensiasiya edilməsinin, infrastrukturun yaradılmasına çəkilən xərclərə əsaslanan qiymətlərin tətbiqinin nəzərdən keçirilməsi zamanı aztəminatlı istehlakçı kateqoriyaları üzrə son istehlakçı qiymətlərinin dəyişməz saxlanılması, sifariş əsasında ayrılmış həcm və sərfiyyat arasında uyğunsuzluğun aradan qaldırılması üçün elektrik enerjisi üzrə əlavə haqların müəyyən edilməsi,reaktiv enerjidən istifadənin səmərəliliyinin artırılması barədə təkliflər hazırlanacaq.
Sənəddə həmçinin qeyd olunub ki, pik saatlarda yüklənməni azaltmaq üçün günün müxtəlif vaxtlarına (gecə və gündüz) uyğun elektrik enerjisi tariflərinin tətbiq edilməsi planlaşdırılır.
"Dünyanın bir çox ölkələrində kommunal xidmət sektorunda elektrik enerjisi qiymətinin tələbata uyğun dəyişdirilməsi istehlak səviyyəsini aşağı salan standart təcrübədir. “Azərbaycanda qiymətlərin gün ərzində diferensiasiya edilməməsi tələb-təklif balansının qeyri-səmərəli olması ilə nəticələnir. Qiymətlərin günün müxtəlif vaxtlarına uyğun tənzimlənməsi günlük yüklənmə qrafikini nizamlayır, eləcə də qiymətin ucuz olduğu vaxtda elektrik enerjisindən istifadə üçün stimul yaratmaqla, pik saatlardakı yüklənmə səviyyəsini aşağı salır və əlavə həcm üçün investisiya qoyuluşuna zərurəti azaldır. Türkiyədə günün müxtəlif vaxtlarına uyğun tariflər tətbiq olunub. Belə ki, elektrik enerjisi istehlakçılara gecəyarısı orta qiymətə, “pik yüklənmə” saatlarında (təxminən saat 17:00 - 22:00) isə ən yüksək qiymətə təqdim olunur", - deyə "Strateji Yol Xəritəsi"də qeyd olunub.

report.az