Azərbaycan Prezidenti İlham Əliyev Bakıda beşulduzlu “Four Seasons” otelinin açılışında iştirak etmişdir
4.9.2012

Sentyabrın 3-də Bakıda daha bir beşulduzlu otelin - “Four Seasons Hotel Baku”nun açılışı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.
Dövlətimizin başçısı otelin rəmzi açılışını bildirən lenti kəsdi.
Azərbaycan Prezidenti və xanımı oteldə yaradılmış şəraitlə tanış oldular.
Məlumat verildi ki, nadir memarlıq həlli ilə diqqəti cəlb edən “Four Seasons” otellər şəbəkəsi fərdi üslubu, yüksək keyfiyyəti və çoxsaylı xidmət növləri ilə fərqlənir. Belə bir beynəlxalq səviyyəli şirkətin Azərbaycanın turizm bazarına maraq göstərməsi ölkəmizdə istər yerli, istərsə də xarici investorlar üçün yaradılan əlverişli sərmayə mühitindən irəli gəlir. Bu, həm də dünyanın inkişaf etmiş ölkələri sırasında yerini möhkəmləndirən Azərbaycanda otel biznesinin genişləndirilməsinə və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına böyük imkanlar açır. “Four Seasons Hotel Baku” kompleksinin yaradılması da bu istiqamətdə atılan əsas addımlardan biridir.
Qeyd edildi ki, klassik və müasir dizaynı ilə seçilən bu kompleksdə beynəlxalq və milli memarlıq üslubu peşəkarlıqla uzlaşdırılmışdır. “Four Seasons” özünün yeni incisini - “Four Seasons Hotel Baku”nu Xəzər dənizinin sahilində, ekoloji təmiz zonada turistlərin ixtiyarına verir.
Diqqətə çatdırıldı ki, “Four Seasons” otellərinə xas mahir ustalıqla inşa edilən yeni memarlıq əsəri “Beaux-Arts” dəbinin parlaq nümunəsi olmaqla tarixiliklə yanaşı, müasir dəbin ahəngini əks etdirir. Əzəmətli tağların altından keçərək içəri daxil olan hər kəsi ayrı-ayrı elementləri incə zövq və zərifliklə işlənən vestibül, sözün əsl mənasında, valeh edir.
Bildirildi ki, möhtəşəmliyi və gözəlliyi ilə seçilən otelləri idarə edən “Four Seasons Hotels and Resorts” şirkəti beynəlxalq mehmanxanalar şəbəkəsidir. “Four Seasons” şəbəkəsinə 30-dan çox ölkədə 90 otel daxildir. Yarım əsr ərzində “Four Seasons” öz sahəsində liderliyi qoruyub saxlamağa müvəffəq olmuşdur. Şəbəkəyə daxil olan otellər dəfələrlə müxtəlif mükafatlara layiq görülmüşdür. Mənzil-qərargahı Kanadanın Toronto şəhərində yerləşən “Four Seasons” otellər şəbəkəsinin tarixi 1960-cı ildən başlayır. O vaxt Torontoda şəbəkənin ilk oteli açılmışdır. Ötən əsrin 90-cı illərində mülkiyyət bazarını daha da genişləndirən “Four Seasons” dünya liderinə çevrilmişdir. “Four Seasons” şəbəkəsi otellərlə yanaşı, daşınmayan əmlak bazarında “Residence Clubs” adı ilə tanınan proqramın idarə olunmasında iştirak edir.

AzərTAc