Məşhur “Bremen Musiqiçiləri” Azərbaycan gimnastlarının ifasında
29.12.2016

Hər kəsin sevə-sevə gözlədiyi Yeni il bayramı artıq yaxınlaşmaq üzrədir. Möcüzələrin gerçəkləşəcəyinə inandığımız bu bayram özündə uşaqlıq fantaziyalarını əks etdirərək, bizi nağıllar dünyasına aparır.

Elə bu düşüncələrdən yola çıxaraq, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə sayılı günlər qalmış, gimnastika növləri üzrə yığma komandalarımız məhz birlik nümayiş etdirərək öz tamaşaçılarını bayram əhvali-ruhiyyəsinə qərq etdilər. Belə ki, milli komandalarımızın üzvləri gimnastika sevərlərə fərqli gün yaşatmaq üçün “Bremen Musiqiçiləri” adlı Yeni il şousuna böyük həvəslə hazırlaşmışdılar. Hər zaman yarışları izlədiyimiz Milli Gimnastika Arenası bu dəfə məşhur nağılın dekorasiyaları ilə bəzədilərək, hamını möcüzələr aləminə səyahət etdirdi.

Şounun süjet xətti bədii gimnastika üzrə yığma komandanın baş məşqçisi Mariana Vasilevanın rəhbərliyi ilə Qrim qardaşlarının eyniadlı əsəri əsasında səhnələşdirilib. Əlbəttə, idmançı olmaqla yanaşı, peşəkar aktyorlardan heç də geri qalmayan gimnast və məşqçi heyətimiz öz artistizm, rəqs bacarıqlarını nümayiş etdirərək, ifa etdikləri rollarının öhdəsindən layiqincə gəldilər.

Əfsanəvi musiqilərin müşayiəti ilə gənc Trubadur və onun dostlarının başlarına gələn macəraların nümayiş olunduğu bu şou tamaşaçılara ən yadda qalan günlərdən birini yaşatdı.

azertag.az