Dekabrın 29-da Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) tanınmış musiqişünas, Əməkdar İncəsənət Xadimi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) professoru İmruz Əfəndiyevanın anadan olmasının 80 illiyinə həsr edilmiş tədbir keçirilib.
ABİ-nin sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə İmruz Əfəndiyevanın yaradıcılığından söhbət açıb. Onun öz məhsuldar yaradıcılığı, musiqi aləmində fəal iştirakı və pedaqoji fəaliyyəti ilə hamının sevimlisinə çevrildiyini bildirib.
Xalq Artisti görkəmli alim, musiqişünas və pedaqoq İ.Əfəndiyevanı yubileyi münasibətilə təbrik edərək, ona rəhbərlik etdiyi qurum adından Fəxri diplom verib.
Tədbirdə Xalq Artisti Tofiq Bakıxanov, Əməkdar incəsənət xadimləri Cəlal Abbasov, Həcər Babayeva, BMA-nın professorları Səadət Seyidova, Ceyran Mahmudova və başqaları İmruz Əfəndiyevanı musiqimizin yorulmaz təbliğatçısı adlandırıblar. Onun BMA-dakı fəaliyyətini yüksək dəyərləndirərək bir çox görkəmli musiqi xadimlərimiz haqqında kitablar, dövri mətbuatda məqalələrlə çıxış etdiyini bildiriblər. Vurğulanıb ki, öz fəaliyyəti ilə müasir musiqi nəzəriyyəsinə gözəl incilər bəxş etməklə yanaşı, İ.Əfəndiyeva müəllimi Xalq Artisti, professor Vasif Adıgözəlov, bəstəkar Telman Hacıyev və başqalarına monumental kitablar da həsr edib. Bildirilib ki, onun yazdığı musiqi dərslikləri və nəzəriyyələr gənc musiqiçilərin yetişməsində böyük rol oynayıb. Görkəmli musiqi xadimi haqqında isə Mədəniyyət və Turizm Nazirliyinin qərarı ilə M.F.Axundzadə adına Milli Kitabxananın təşəbbüsü ilə “Musiqidə keçən ömür” (biblioqrafik göstərici) kitabı nəşr edilib.
Tədbir çərçivəsində yubilyarın yenicə çapdan çıxan “Musiqi mədəniyyətimiz və müasirlik” adlı kitabının da təqdimatı keçirilib.
Bildirilib ki, kitabda müəllifin atasına, anasına və müasirləri olan musiqi xadimlərinə həsr etdiyi məqalələr toplanıb. Kitabın elmi redaktoru Əməkdar İncəsənət Xadimi Gülnaz Abdullazadədir.
İmruz Əfəndiyeva onun sənətinə, yaradıcılığına göstərilən hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Sonda Bakı Musiqi Akademiyasının müəllim və tələbələrinin ifasında Azərbaycan və Qərb bəstəkarlarının seçilmiş əsərlərindən ibarət kompozisiya təqdim olunub.
azertag.az