Təhsil sistemində olan elekton dərsliklərin sayı 188-ə çatdırılıb.
Bunu təhsil nazirinin müavini Ceyhun Bayramov “Elektron Təhsil” Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində deyib.
Nazir müavini qeyd edib ki, Bakıda və regionlardakı məktəblər yeni nəsil rəqəmsal laboratoriyalarla təmin olunub. Bu da tədris prosesində keyfiyyətin yaxşılaşmasına təkan verir: "Uşaqların olimpiadaya hazırlığı üçün 5 məktəbdə robot texnologiyalara əsaslanan mərkəz təşkil olunub. Əldə olunan nailiyyətlərdən asılı olaraq gözləntilər çoxdur. Bunun genişləndirilməsi istiqamətində gələcəkdə işlər görüləcək".
C.Bayramov vurğulayıb ki, elektron təhsil sahəsində olan yeniliklər yalnız ümumi təhsillə yekunlaşmır, peşə və ali təhsildə də yeniliklərin geniş tətbiqinə başlanıb:
"Dünyada İKT-nin daha geniş tətbiqi, innovativ yanaşmalara əsaslanan sahibkarlığın gənc yaşlardan inkişafı məqsədilə bir sıra tədbirlər görülür, bəzi ali məktəblərdə startap mərkəzləri yaradılıb. Təhsilin idarə edilməsində İKT tətbiq edilir. İki il öncə Bakıda şagirdlərin I sinfə qəbulu elektron qaydada həyata keçirildi, 2016-cı ildə bir sıra yeniliklər edilib, 2017-ci ildə isə bu sistemin təkmilləşdirilməsi istiqamətində addımlar atılacaq. Bundan başqa, 2016-cı ildən ali təhsildə tələbələrin bir ali mətkəbdən digərinə köçürülməsinin elektron formada həyata keçirilməsinə başlanıb. Bunun gələn il genişlənməsi istiqamətində işlər aparılacaq".
Nazir müavini əlavə edib ki, təhsil sistemində İKT-nin tətbiqi ilə yanaşı, bu sahədə çalışanların mövcud sahədə səriştəliyi, hazırlığı vacibdir və müəyyən işlər görülür. Bu məqsədlə ixtisasartırma təlimləri təşkil olunub və bu il ərzində 2654 nəfər İKT sahəsində təlimlərdən keçib.
C.Bayramov bildirib ki, elektron məzmun istiqamətində də bu il müəyyən işlər görülüb: "Təhsil sistemində olan elekton dərsliklərin sayı artıq 188-ə çatdırılıb. Elektorn dərslik portalında 115 mindən çox daimi istifadəçi qeydiyyatdan keçib. 2016-cı ildə istifadə edənlərin sayı ötən illə müqayisədə 4 dəfə artıb. Xüsusi olaraq istedadlı şagirldərin informatika fənni üzrə aşkara çıxarılması, hazırlığı məqsədilə fizika-riyaziyyat-informatika liseyində mərkəzlər və hazırlıq sinifləri hazırlanıb. Hazırda 40 şagird üçün təlim keçirilir".
trend