Cari ilin idman laureatlarının adları elan olunub
30.12.2016

Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) çoxillik ənənəsinə sadiq qalaraq, 2016-cı ilin idman laureatlarının adlarını açıqlayıb.

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilin idmanı ən yaxşı işıqlandıran informasiya agentliyi elan olunub.

Azərbaycan Taekvando Federasiyasının prezidenti Kəmaləddin Heydərov ilin idman xadimi elan edilib. 42-cü Ümumdünya Şahmat Olimpiadasına yüksək səviyyədə ev sahibliyi etdiyi üçün Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov ilin idman təşkilatçısı seçilib.

Cari ilin idman jurnalistləri isə Qabil Mehdiyev (“İdman”), Mirağa Mirzəyev (“Futbol+”), Kamal Rza (“Sportsman”), Rizvan Cəfərov (“Azərbaycan”), Rüstəm Əfsərli (CBC Sport), Rövşən Əhlimanoğlu (“Report”) və İbrahim Cəfərov (futbolxeber.az) olublar. İlin fotoreportyoru Qənbər Cəlilov (AFFA) olub.

“Olimpiya dünyası”, “Futbol+”, “Azərbaycan” ilin idman qəzetləri, “CBC Sport” isə telekanallar sırasında fərqləniblər. İlin idman radiosu nominasiyası üzrə “Azərbaycan Radiosu” qalib seçilib.

Laureatlar sırasında Gənclər və İdman Nazirliyinin mətbuat xidməti, həmçinin “sportnet.az” və “trend.az” portalları da var.

Olimpiya çempionu, taekvandoçu Radik İsayev, “Rio-2016”nın gümüş mükafatçısı, güləşçi Mariya Stadnik, boks üzrə Avropa çempionu Yelena Vstropova, Yay Olimpiya Oyunlarının nizəatma yarışında gümüş medal qazanan İradə Əliyeva, Olimpiadanın gümüş medalçısı, boksçu Lorenso Sotomayor, karate üzrə beşqat dünya çempionu Rafael Ağayev ilin idmançıları adına layiq görülüblər.

İlin komandası nominasiyasının qalibi taekvando, futzal və futbol üzrə millilər olub.

Taekvondo üzrə milli komandanın baş məşqçisi Reza Mehmandost, “Qarabağ” futbol klubunun çalışdırıcısı Qurban Qurbanov və futbol üzrə yığma komandanın baş məşqçisi Robert Prosineçki ilin baş məşqçiləri elan ediliblər.

İlin idman hakimi Hicran Şərifov (güləş), idman azarkeşi isə Bəhram Bağırzadə olublar.

azertag.az