2016-cı ildə ölkə üzrə IX və XI siniflərin buraxılış imtahanlarında müsbət dinamika müşahidə olunub.
Bu haqda məlumat 2016-cı ilin təhsil xronikasında qeyd edilib.
Belə ki, ötən il IX siniflər üzrə imtahanlarda 104476 nəfər məzun iştirak edib. Məzunların 70262 nəfəri və ya 67,3 faizi bütün fənlərdən müsbət qiymət alıb. Bu göstərici ötən ilki göstəricidən 2,7 faiz daha yaxşıdır. XI siniflər üzrə imtahanlarda 84589 nəfər məzun iştirak edib. Bu məzunların 54704 nəfəri və ya 64,7 faizi bütün fənlərdən müsbət qiymət alıb.
Məlumatda o da qeyd edilib ki, 2016-2017-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında 78545 abituriyent iştirak edib. Ümumilikdə, 200-dən artıq bal toplayan abituriyentlərin mütləq sayı artıb. 2016-2017-ci tədris ili üçün qəbul imtahanlarının nəticələrində müsbət dinamika müşahidə edilir.
Bundan başqa, bu il Fransız-Azərbaycan Universitetində(UFAZ) də tədrisə başlanılıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçirilən mərkəzləşdirilmiş qəbul imtahanında I qrup üzrə 500 və daha çox bal toplayan abituriyentlərdən 303 nəfər qəbul imtahanında iştirak etmək üçün qeydiyyatdan keçib. Onlardan 120 nəfəri dövlət sifarişi, 40 nəfəri isə ödənişli əsaslarla UFAZ-ın tələbəsi olmaq imkanı qazanıb.
lent.az