Nizami Kino Mərkəzində daha bir türk filminin qala-gecəsi keçirilib
6.1.2017

Yanvarın 5–də Nizami Kino Mərkəzində Türkiyənin istehsalı olan “Dönərsə sənindir” adlı filmin qala-gecəsi keçirilib. “Af Media” şirkəti və Nizami Kino Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşən qala-gecədə respublikanın bir sıra tanınmış mədəniyyət və incəsənət xadimləri ilə yanaşı, Türkiyənin məşhur müğənnisi və artıq ikinci filmlə aktyor kimi özünü sınayan Murat Boz da iştirak edib.

Tanınmış türkiyəli rejissor Erol Ozlevin romantik komediya janrında ekranlaşdırdığı bu filmdə baş qəhrəman Mehmet uzun illərdir ki, Selin adlı bir qızı sevir. Selin isə mahnı yazdırıb musiqi və səsyazma şırkətlərinə göndərərək müğənni olmaq xəyalı ilə yaşayır. Bir gün onun arzusu gerçəkləşir. O, şirkətlərin birindən dəvət alır. Bu məqamda Mehmetin ona tam dəstək olmasına rəğmən onlar ayrılırlar. Ayrılığı qəbul etmək istəməyən Mehmet Selini yenidən əldə etmək üçün çətin, amma gülməli vəziyyətlərə düşür.

TAFF kinostudiyasında istehsal olunan ekran əsərinin qala-gecəsində, həmçinin filmin baş qəhrəmanları-tanınmış aktrisalar Yasemin Allen ve İrem Sakın da iştirak ediblər. Xronometrajı 1 saat 50 dəqiqə olan film tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

azertag.az