Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təqdimatı ilə ölkəmizin Mədəniyyət və Turizm Nazirliyi mədəniyyətimizin təbliği sahəsindəki xidmətlərinə görə AMM-nin “Azərbaycan qızları” rəqs ansamblının rəhbəri, Azərbaycanın Əməkdar Artisti Kövkəb Əliyevanı “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif edib.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev AMM-də döş nişanını Kövkəb Əliyevaya təqdim edib, ona yaradıcılığında uğurlar arzulayıb.
Gənc soydaşlarımıza Azərbaycanın rəqs sənətini öyrətdiyinə görə qürur hissi duyduğunu söyləyən Kövkəb Əliyeva, xarici ölkələrdə yaşayan həmvətənlərimizə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.
Qeyd edək ki, 80 yaşının tamam olmasına baxmayaraq, bu gün də Kövkəb Əliyeva öz fəaliyyətini davam etdirir, xalqımızın zəngin mədəniyyətini təbliğ edir. Onun fəaliyyəti Özbəkistan dövləti tərəfindən də yüksək qiymətləndirilib, dəfələrlə müxtəlif mükafatlara layiq görülüb.
azertag.az