2016-cı il ərzində 10 514 sayda Yaşıl Kart müqaviləsi bağlanılıb.
Bu barədə İcbari Sığorta Bürosundan (İSB) məlumat verilib.
Bildirilir ki, 2016-cı il ərzində Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən 10 514 beynəlxalq sığorta müqaviləsi bağlanılıb. Bu müqavilələrdən 7 497 müqavilə Türkiyə və İrana, 2 569 müqavilə isə Rusiya, Moldova və Ukraynaya, 448 müqavilə isə Yaşıl Kart Sisteminə daxil olan bütün ölkələrə səfər edən avtonəqliyyat vasitələri ilə bağlı olub.
2016-cı il ərzində beynəlxalq sığorta müqavilələri üzrə sığorta haqları 768 684 manat təşkil edib. Yaşıl kart üzrə bağlanılan müqavilələrin 8 630-u minik, 994-ü yük, 784-u qoşqu, 89-u avtobus, 17-i isə motosiklet kateqoriyası üzrə olan nəqliyyat vasitələri ilə bağlı olub.
Qeyd edək ki, avtomobil nəqliyyatı vasitələri ilə sistemin əhatə etdiyi xarici ölkələrə səfər edən sürücülərin öz ölkələrindəki sığortaçılardan Yaşıl Kart əldə etməsi onun bütün səfər boyunca mülki məsuliyyətinin tam sığortalanmasını nəzərdə tutur və səfər etdiyi hər bir müvafiq xarici ölkənin sərhədində yeni mülki məsuliyyət sığortası almaq tələbindən azad edir. Hazırda yaşıl kart sğorta növü üzrə 13 sığorta şirkəti (https://greencard.isb.az/GreenCardParticipant/GreenCardParticipants) fəaliyyət göstərir.
trend