Ötən il ölkəmizdə kino sahəsində bir sıra uğurlara imza atılıb
9.1.2017

2016-cı ildə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan 4 yeni bədii film ekranlara çıxıb.

İlk film təqdimatı mart ayına təsadüf edib. Bu, rejissor İlqar Safatın “Azərbaycanfilm” kinostudiyasında dövlət sifarişi ilə çəkdiyi, müasir gənclərin həyatından bəhs edən “İçəri şəhər” bədii filmi olub.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyası və Rusiyanın “Vayt Media” kino şirkəti tərəfindən istehsal olunan “Qırmızı bağ” bədii filmi də ötən il ekran həyatı yaşayıb. Filmin ssenari müəllifi və rejissoru Mirbala Səlimlidir.

Xalq Yazıçısı Çingiz Abdullayevin “Quba kapriççiosu” romanının motivləri əsasında ekranlaşdırılan, psixoloji detektiv janrında olan “Xeyirlə Şərin rəqsi” filminin quruluşçu rejissoru Yavər Rzayevdir.

Bu günlərdə isə Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınmış “Həddən artıq uyğunluq” bədii filmi təqdim olunub. Rejissoru Ülviyyə Könül olan romantik komediya janrlı filmin çəkilişləri ABŞ-da və Azərbaycanda aparılıb.

İl ərzində “Azərbaycanfilm” kinostudiyası, “Salnamə”, “Yaddaş”, “Dublyaj” studiyalarında çəkilən 30-a qədər sənədli filmdə Azərbaycanın tarix və mədəniyyətinə xüsusi yer verilib.

“Sarılar – Qarabağ atının izi ilə” sənədli filmi Mədəniyyət və Turizm Nazirliyi, “BP Azərbaycan” şirkəti, “Azərbaycanfilm” kinostudiyası və “Studio Tor 1 Filmproduktion” (Almaniya) studiyasının birgə layihəsi olaraq ərsəyə gəlib.

Milli qəhrəmanlar Elman Hüseynov, Füzuli Rüstəmov və Əliyar Əliyevə həsr olunmuş “Xocalının zamini”, “İlk əsgər” və “Pəhləvan komandir” sənədli filmləri isə vətən uğrunda canından keçən igid oğulların ömür və döyüş yolunu tamaşaçıya çatdırır.

Ötən il təqdimatı keçirilən “Polkovnik”, “Hüseyn xan Naxçıvanski. Qayıdış”, “Mənim tanıdığım Vaqif”, “Balet, ömrüm mənim” və s. sənədli filmlər də kino salnaməmizin maraqlı nümunələridir.

Son illərdə ekranlara vəsiqə alan filmlərimiz xarici ölkələrdə beynəlxalq festivallarda iştirak edir, müxtəlif mükafatlara layiq görülürlər. Rejissor Elçin Musaoğlunun “Nabat” bədii filmi bu il 14-cü Dəkkə Beynəlxalq Film Festivalında (Banqladeş) nümayiş olunub. Amil Məmiyevin “Qara bağ” və Fariz Əhmədovun “Mayak” qısametrajlı bədii filmləri Çində keçirilən Asiya Beynəlxalq Qısametrajlı Filmlər Festivalında mükafat qazanıb.

“Azərbaycanfilm” kinostudiyası tərəfindən Kann kino bazarına “Qırmızı bağ”, “İçəri şəhər”, “Yarımçıq xatirələr”, “4.1 Şəhər motivləri”, “Keçmişdən məktublar”, “Həddən artıq uyğunluq” və “Xeyirlə Şərin rəqsi” bədii filmləri təqdim olunub. “Dərs” bədii filmi 34-cü Münxen kinofestivalının uşaq filmləri (“Kinderfilm”) bölümündə nümayiş etdirilib. “Dərs”, həmçinin Rusiyanın Anapa şəhərində keçirilən 25-ci “Kinoşok” beynəlxalq film festivalında “Ən yaxşı film” nominasiyasında qalib olub.

Yazıçı Qurban Səidin dünya bestselleri olan eyniadlı romanı əsasında çəkilmiş “Əli və Nino” bədii filminin Bakı premyerası da əsl kino hadisəsinə çevrilib. Beynəlxalq heyətin iştirakı ilə ekranlaşdırılan filmin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru Asif Kapadia, ssenari müəllifi isə Kristofer Hemptondur. Ekran əsərinin, eyni zamanda ABŞ-ın Nyu-York və Los-Anceles şəhərlərində də təqdimat mərasimləri keçirilib.

Bundan əlavə, bir çox filmlərimiz Bolqarıstan, Qırğızıstan, Türkiyə, Hindistan, Misir, Gürcüstan və s. ölkələrdə festivallarda uğur qazanıblar. Bu il həm də ölkəmizdə türk filmləri həftəsi, Rusiya kinosu günləri, Tacikistan və Meksikada Azərbaycan kinosu günləri təşkil edilib.

Ötən il dövlət başçısının müvafiq Sərəncamı ilə bir qrup kino xadiminə fəxri adlar verilib. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Milli Kino Mükafatı bu dəfə kinorejissor, Xalq Artisti Eldar Quliyevə təqdim olunub.

Bakıda keçirilən VII Avropa Film Festivalı, həmçinin Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə ölkəmizdə ilk dəfə reallaşdırılan Buktreyler festivalı, eləcə də III Bakı Beynəlxalq Turizm Filmləri Festivalı da maraqlı anlarla yaddaşlara yazılıb.

azertag.az