Dünyada korluğun ikinci ən geniş yayılmış səbəbi olan qlaukomanın diaqnostikası oftalmoloqlar üçün çətinlik törədir.
Roçester Tibb Mərkəzinin tədqiqatçıları qlaukomanın erkən diaqnozu və müalicəsinə yardım edən və torlu qişanın fərdi hüceyrələrinin təsvirlərini əldə edə bilən yeni texnologiya ərsəyə gətiriblər. AOSLO adlı yeni cihaz vasitəsilə makakalar üzərində təcrübə aparılıb. Torlu qişada aparılan tədqiqat zamanı məlum oldu ki, cihaz vasitəsilə hətta hüceyrə daxilindəki nüvələri də görmək mümkündür.
Sonrakı mərhələdə alimlər yeni texnologiyanı insanların üzərində də sınayıblar. Onların bəziləri normal görmə qabiliyyətinə malik idi. Bəziləri isə yaşla bağlı makula degenerasiyası və torlu qişanın bir qisminin qopması səbəbilə zəif görən insanlar idi.
Yeni texnika vasitəsilə torlu qişanın kiçik görüntüsü əldə edilsə də, ondan qlaukoma ilə yanaşı, makula degenerasiyası və rəng korluğu kimi digər xəstəliklərin diaqnostikasında da istifadə etmək mümkündür. Lakin tədqiqatçılar dəqiqlik və təhlükəsizliyi artırmaq məqsədilə cihazı daha da təkmilləşdirə bilərlər.
azertag.az