Qış aylarında dəridəki problemlər necə aradan qaldırılmalıdır? - MƏSLƏHƏT
9.1.2017

"Soyuq aylarda dərinin əsas problemi quruluq və vitamin çatışmazlığıdır".
Bunu açıqlamasında həkim-dermatoloq Vəfa Məmmədli bildirib.
Onun sözlərinə görə, qış aylarında dərini qorumaq üçün A və E tərkibli vitaminlərdən, multivitaminlərdən, içində balıq yağı olan preparatlardan istifadə olunmalıdır: "Ümumiyyətlə, dəri nəm saxlanılmalı və daim nəmləndirici vasitələrən istifadə olunmalıdır. Ona görə də çoxlu meyvə-tərəvəz yemək lazımdır. Qış ayları olmasına baxmayaraq, qəbul edilən suyun miqdarını kəskin azaltmaq olmaz. Əgər yayda 3 litrə qədər su içiriksə, qış aylarında mütləq 1,5-2 litr su qəbul edilməlidir. Su orqanizm üçün çox vacib elementdir. Çünki bədənin çox hissəsi sudan ibarətdir".
Qış aylarında dəridə hansı müalicəvi prosedurların aparılmasına gəlincə, həkim-dermatoloq deyib ki, mezoterapiya və digər bu kimi müalicəvi prosedurları bütün fəsillərdə aparmaq mümkündür: "Ancaq dəridə müxtəlif pilinqlər əsasən qış aylarında aparılmalıdır. Əgər kiminsə dərisində hansısa bir problem varsa, günəşin az olduğu aylarda qoruyucu kremlərdən daha çox istifadə etməsi məsləhətdir. Yay aylarından fərqli olaraq dəridə ləkə olduqda və pilinqlərdən sonra qış aylarında aşağı dərəcəli qoruyucu kremlərdən istifadə edilməlidir".
V.Məmmədli qeyd edib ki, dərinin təmizlənməsinin tipinə uyğun olaraq aparılması vacibdir: "Bir sıra xəstəliklər dərini korlayır. Əgər mədə-bağırsaq, qəbizlik problemləri varsa, dəridə ciddi dəyişiklik əmələ gəlir. Yəni vaxtından əvvəl qocalma, səpkilər yaranır. Endokrinoloji proseslər, qadınlarda hormanların çatışmazlığı dəriyə mənfi təsir göstərir. Qaraciyər və öd xəstəlikləri isə dərinin ləkələnməsinə gətirib çıxarır".

report.az