Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) Kaluqa bölməsinin nümayəndələri Kaluqa Şəhəri Gününə həsr olunmuş Milli Mədəniyyətlər Festivalında iştirak etmişlər.
RAGT İdarə Heyətinin üzvü Emin Hacıyev AzərTAc-a bildirmişdir ki, Azərbaycan gəncləri Kaluqa Mərkəzi Mədəniyyət və İstirahət Parkında keçirilmiş bayrama fəal qatılmışlar. Milli geyimlərdə Azərbaycan xalq rəqslərini ifa edən RAGT-ın nümayəndələri mədəniyyətimizi uğurla təmsil etmişlər. Gənclər təşkilatının nümayəndələrinin təşkil etdikləri ölkəmizin zəngin mədəniyyətinə və tarixinə həsr olunmuş “Azərbaycan” sərgisi maraq doğurmuşdur.
E.Hacıyev əlavə etmişdir ki, RAGT-ın Kaluqa bölməsinin əlaqələndiricisi Ramin Rəcəbov tədbirdə çıxış edərək toplaşanları bayram münasibəti ilə təbrik etmişdir. O, kaluqalılara doğma şəhərlərinin çiçəklənməsi naminə birgə çalışmağı arzulamışdır.
E.Hacıyev demişdir: “RAGT regional bölmələrinin ümumrusiya tədbirlərində iştirakı təşkilatımızın gənclərin cəmiyyətə inteqrasiyasının dərinləşməsi və möhkəmlənməsinə, Azərbaycan mədəniyyətinin və incəsənətinin təbliğinə yönəldilmiş ideologiyasının tərkib hissəsidir.
AzərTAc